Ordubad və Şərur rayon Vergi Ödəyicilərinə Xidmət mərkəzlərinə mediatur təşkil olunub
Naxçıvan, 17 may, AZƏRTAC
Naxçıvanda fəaliyyət göstərən media orqanlarının, mətbuat xidmətlərinin nümayəndələrinin iştirakı ilə cari ilin fevral ayında istifadəyə verilən Ordubad və Şərur rayon Vergi Ödəyicilərinə Xidmət mərkəzlərinə mediatur təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tanışlıq zamanı muxtar respublikada 3 xidmət mərkəzinin həftənin iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərdiyi bildirilib. Vurğulanıb ki, Babək şəhərində də xidmət mərkəzinin tikintisi sürətlə davam etdirilir və yaxın vaxtlarda istifadəyə veriləcək.
Qeyd olunub ki, mərkəzlərin imkanlarından respublika üzrə bütün vergi ödəyiciləri, o cümlədən Naxçıvan Şəhər və Ərazi Vergilər idarələri üzrə vergi ödəyiciləri tam şəkildə yararlana bilər. Gün ərzində mərkəzlərin hər biri tərəfindən təxminən 150-dək şəxsin qəbulu və həmin şəxslərə müxtəlif xidmətlərin göstərilməsi mümkündür.
Xidmət mərkəzlərində vətəndaşlara Vergi orqanlarında uçot haqqında şəhadətnamənin və həmin şəhadətnamənin yeni nüsxəsinin verilməsi, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in verilməsi, “ASAN imza” sertifikatı xidmətlərinin göstərilməsi, hazır sənədlərin götürülməsi, vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı məlumatların verilməsi xidmətləri göstərilir. Həmçinin mərkəzlərdə ərizələrin hazırlanmasına və elektron xidmətlərdən istifadəyə kömək (Bəyannamələrin tərtib edilməsi və göndərilməsi, onlayn POS-terminalları qeydiyyatı, fiziki şəxsin uçotunun onlayn ləğvi, fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması, nəzarət kassa aparatının onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması və s) göstərilir.
Mərkəzlərdə şəhid ailələri və qazilərin, məhdud fiziki imkanlı şəxslərin xidmətlərdən növbədənkənar yararlanması üçün xidməti otaq da yaradılıb. Bununla yanaşı, özünəxidmət masaları da mövcuddur ki, vergi ödəyiciləri öz hesabatlarını təqdim edə və hazır sənədləri çap edə bilirlər. Mərkəzlərdə vətəndaş məmnunluğunun artırılması məqsədilə könüllük fəaliyyəti təşkil olunub. Könüllülər müraciət edən vətəndaşları qarşılayır, onlara müxtəlif vergi xidmətlərdən yararlanması üçün köməklik göstərirlər.
Bildirilib ki, sahibkarlara bütün növ vergi xidmətləri operativlik, şəffaflıq, nəzakətlilik və rahatlıq prinsipləri əsasında göstərilir. Xidmətlərin bir məkanda toplanması, vaxta və xərclərə qənaət, operativlik mərkəzlərin əsas üstünlükləridir. 2024-cü il fevral ayının sonunda istifadəyə verilən Şərur və Ordubad şəhərlərində fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən mart-aprel aylarında 3227 şəxs qəbul edilib və onlara 4127 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə xidmət strukturları tərəfindən göstərilən xidmətlərin sayından 1,1 dəfə çoxdur. Xidmət mərkəzlərində vergi ödəyicilərinin üzbəüz xidmətlərdən məmnunluq səviyyəsi 98 faiz təşkil edib.
Mediatur iştirakçıları mərkəzlərin tikintisi ilə bağlı videoçarx izləyib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Qubada bayram yarmarkası açılıb
“Erkən müayinə can qurtarır” adlı tibbi aksiyanın növbəti ünvanı Sabirabad olub
Bərdədə yaşayış binasının eyvanı uçub, bir nəfər dağıntılar altında qalıb VİDEO
“Sabahın alimləri” müsabiqəsində Şəki-Zaqatala bölgəsinin 11 məktəblisi uğur qazanıb