×
A
A
A
Sazlamalar

Zaqatalada selin fəsadları aradan qaldırılır, təhlükə hələ də sovuşmayıb VİDEO

Zaqatala, 16 may, AZƏRTAC

Gecə saatlarında Zaqatalaya yağan leysan yağışları rayonunun kəndlərində yol infrastrukturuna və fərdi təsərrüfatlara ziyan vurub.
AZƏRTAC xəbər verir ki, Yevlax-Zaqatala-Gürcüstan magistralının rayon ərazisindən keçən hissəsində Muxaxçayın daşması nəticəsində sel suları yola ziyan vurub. Hadisə yerinə rayonun müvafiq təşkilatlarının maşın və texnikası, eləcə də işçi qüvvəsi cəlb edilib.
Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, gecə saatlarında dağlıq ərazilərə yağan leysan yağışları rayonun ən iri çaylarından olan Muxaxçay və Tala çaylarında sululuğun artmasına səbəb olub. Muxaxçaydan qısa müddətli sel keçib. Çayın bəzi hissələrinin məcrasından çıxması nəticəsində Bəhmətli kəndinin fındıq bağlarına və həyətyanı sahələrinə sel suları dolub.
Sel və daşqın fəsadlarının aradan qaldırılması məqsədi ilə əraziyə rayon suvarma sistemləri idarəsinin ağır texnikası və maşınları cəlb edilib.
İdarənin baş mühəndisi Şahvələd Muradovun verdiyi məlumata əsasən, daşqın zamanı Mamrux kəndinin bir hissəsinin rayonla əlaqəsi kəsilib. Tala çayında sululuğun artması nəticəsində rayonun Höytala və Yolayrıc kəndlərində subasma təhlükəsi yaşanıb. Bəhmətli kəndində sakinlərin evlərinin zirzəmilərinə və təsərrüfat sahələrinə su dolub.
İdarənin baş mühəndisi onu da bildirib ki, səhər saat 5 radələrindən etibarən subasmaya məruz qalan Yevlax-Zaqatala-Gürcüstan magistralında təmizləmə işlərinə başlanılıb və magistralda hərəkət təmin olunub. Həmin ərazidə idarənin beş müxtəlif texnikasının işlədiyini deyən Şahvələd Muradov qeyd edib ki, Muxaxçayda selin qarşısını almaq üçün daha dörd texnika da hazırda Çobankol kəndi ərazisində sahilbərkitmə və məcra dərinləşdirməklə məşğuldur.
Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, fəsadların aradan qaldırılması istiqamətində işlər gün boyu davam etdirilib. Belə ki, Zaqatala rayon Suvarma Sistemləri İdarəsinin balansında olan bütün ağır texnikalar ərazilərə cəlb olunub.
Gözlənilən təhlükə nəzərə alınaraq komissiya üzvlərinin iştirakı ilə maşın və texnikalar gecə növbətçiliyinə cəlb edilib.

Regionlar 2024-05-16 17:48:00

Video