×
A
A
A
Sazlamalar

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Skopye, 9 may, AZƏRTAC
Şimali Makedoniyada keçirilən prezident seçkilərinin ikinci turunda ölkənin ən böyük müxalifət partiyasının rəhbərlik etdiyi “Sizin Makedoniya” koalisiyasının namizədi Qordana Silyanovska-Davkova qələbə qazanıb.
AZƏRTAC xəbər verir ki, Makedoniya Daxili İnqilab Təşkilatının - Makedoniya Milli Birliyi Demokratik Partiyasının baş katibi Kristian Miskoskinin rəhbərlik etdiyi sağ mərkəzçi partiya isə parlament seçkilərində mütləq qalib olub. Müxalifət partiyası 120 yerlik parlamentdə azı 55-60 yerlə təmsil olunacaq.
Makedoniya Sosial Demokrat İttifaqı tərəfindən dəstəklənən hazırkı Prezident Stevo Pendarovski seçkilərdəki məğlubiyyətini etiraf edib.
“Bugünkü nəticə məyusedicidir. Sosial demokratlar güclü zərbə aldılar”, - deyə Sosial Demokrat Partiyasının rəhbəri, sabiq Baş nazir Dimitar Kovaçevski bildirib.
Seçki Komissiyası, Daxili İşlər Nazirliyi və prokurorluq ölkədə səsvermə prosesinin sakit və nizamlı keçdiyini açıqlayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Skopye

Dünya 2024-05-09 14:29:00