×
A
A
A
Sazlamalar

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Bakı, 8 may, AZƏRTAC

Hərbi Dəniz Qüvvələrinin (HDQ) "N" saylı hərbi hissəsinin yaranmasının ildönümü münasibətilə tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə Müdafiə Nazirliyinin nümayəndələri, şəhid ailələri və hərbi hissənin şəxsi heyəti iştirak ediblər.
Tədbirdə hərbi hissənin yaranma tarixi, keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlər zamanı qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəldiklərinə görə hərbi hissənin onlarla hərbi qulluqçusu Azərbaycan Respublikasının müxtəlif orden və medalları ilə təltif olunublar.
Müdafiə nazirinin təbrikləri hərbi hissənin şəxsi heyətinə çatdırılıb. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gündən-günə qüdrətlənməsi, döyüş qabiliyyətinin artması xüsusi vurğulanıb.
Hərbi xidmətdə fərqlənənlər fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib.
Çıxışlardan sonra hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.
Tədbir iştirakçılarına hərbi hissənin istismarında olan silah və texniki vasitələrdən ibarət sərgi təqdim edilib. Daha sonra dəniz piyadalarının nümunəvi çıxışları izlənilib.
Sonda Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən vətənpərvərlik mahnılarını tərənnüm edən musiqilər səsləndirilib.

Ordu 2024-05-08 21:00:00