×
A
A
A
Sazlamalar

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən tədbir keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, Ümummilli Liderin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Sonra UNEC-in Dizayn Məktəbi tələbələrinin Ümummilli Lider Heydər Əliyevə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirin açılışında Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Mərasimdə UNEC-in rektoru professor Ədalət Muradov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Rektor müstəqilliyin ilk illərində Azərbaycanı ağır iqtisadi durumdan çıxaran Ulu Öndər Heydər Əliyevin iqtisadi siyasətinin fəlsəfəsi haqqında fikirlərini iştirakçıların diqqətinə çatdırıb.
Sonra YAP Ağsaqqallar Şurasının üzvü, AMEA-nın müxbir üzvü, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov Ulu Öndər Heydər Əliyevlə bağlı maraqlı xatirələrini bölüşüb. Milli Məclisin deputatı professor Hikmət Babaoğlu Heydər Əliyevin liderlik missiyasından, dünyaşöhrətli siyasətçinin zəngin siyasi, dövlətçilik və mənəvi irsindən bəhs edib. YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev isə Ümummilli Liderin siyasi fəaliyyətinə nəzər salaraq, Heydər Əliyev zirvəsinin gənclər tərəfindən daim araşdırılmasının əhəmiyyətindən danışıb.
Tədbirin bədii hissəsində UNEC Yaradıcılıq Mərkəzinin tələbələri Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər. Tədbir Ümummilli Liderin həyat və fəaliyyəti haqqında videoçarxın nümayişi ilə davam edib.

Elm və təhsil 2024-05-08 18:38:00