×
A
A
A
Sazlamalar

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Rimini, 8 may, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın 7 şirkəti İtaliyanın Rimini şəhərində, “Macfrut 2024” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində öz məhsullarını təqdim edir. Həmin şirkətlər təzə və qurudulmuş meyvə-tərəvəz istehsalı, onların emalı, zeytun, zəfəran və digər məhsulların istehsalçılarıdır. Sərgidə iştirakımızın əsas məqsədi Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir.
Bu barədə AZƏRTAC-a müsahibəsində AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı deyib.
O qeyd edib ki, sərgi çərçivəsində Azərbaycan şirkətləri öz tərəfdaşları ilə danışıqlar aparır.
“Vahid ölkə stendində, eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və ADA Universiteti təmsil olunur. Məqsəd ölkəmizin ümumi kənd təsərrüfatı sektorunda görülən işlər, mövcud vəziyyət, qida təhlükəsizliyi sahəsində tənzimləmələr barədə sərgi iştirakçılarını məlumatlandırmaqdır”, - deyə T.Hacılı vurğulayıb.
AZPROMO-nun icraçı direktorunun müavini bildirib ki, vahid ölkə stendində ADA və Bolonya Universitetlərinin Dayanıqlı Bağçılıq Sistemləri mövzusundakı birgə sertifikat proqramı barədə də məlumat verilir.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Rimini

İqtisadiyyat 2024-05-08 18:36:00