×
A
A
A
Sazlamalar

Süni intellekt və yeni inkişaf meyarları

Bakı, 8 may, AZƏRTAC

Müasir dünyada ölkələrin inkişafında yeni texnologiyaların tətbiqi, innovasiyaların və yaşıl enerjinin inkişafı əsas və fundamental meyarlara çevrilib. İnkişaf etmiş ölkələrdə iqtisadi, hərbi, sosial və humanitar sahələrdə süni intellekt tətbiq edilir.
AZƏRTAC xəbər verir ki, bunu hüquq üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq və insan hüquqları üzrə ekspert Elgün Səfərov bildirib.
O qeyd edib ki, süni intellekt yeni texnologiyaların və innovasiyaların tətbiqində vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin artırılmasına dəstək göstərir. ABŞ, İsveçrə, İtaliya, Hollandiya, Sinqapur, Çin və digər ölkələr süni intellekti iqtisadiyyat və nəqliyyat sektorlarının inkişafı istiqamətlərində birbaşa tətbiq edirlər.
“Ölkələr tərəfindən innovasiyalar və yeni texnologiyalar həm də sənaye-istehsalat, maliyyə-investisiya, təhsil, kibertəhlükəsizlik, səhiyyə və digər sahələrdə tətbiq edilir. Ümumiyyətlə ölkələr süni intellektin tətbiqi ilə bağlı xüsusi strategiyalar qəbul edirlər. Nümunə üçün, 2022-ci ildə Böyük Britaniya tərəfindən qəbul edilmiş “Milli Sİ Strategiyada” (“National AI Strategy - AI Action Plan”) 10 il ərzində həyatın bütün sahələrində süni intellektin rolu və təsiri haqqında qeyd edilir (https://www.gov.uk/government/publications/national-ai-strategy-ai-action-plan/national-ai-strategy-ai-action-plan). Böyük Britaniya hökuməti tərəfindən bu sənədin qəbulu Almaniya və Fransa ilə maliyyə investisiyaları, hərbi müdafiə sənayesi və digər sahələrdə rəqabətin artırılması məqsədi kimi qeyd olunur. Süni intellekti tətbiq edən ölkələr bu gün rəqabət prosesində yeni uğurlar əldə edirlər”, - deyə ekspert bildirib.
Onun sözlərinə görə, Azərbaycan üçün də süni intellektin tətbiqi vacibdir. Bu məsələ ilə bağlı Çin və İsrail hökumətləri ilə əməkdaşlıq edilir. Bu, xüsusilə də azad iqtisadi zonanın qurulması, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun inkişafı üçün vacibdir. Bu əməkdaşlıq Azərbaycanın iqtisadi və hərbi inkişafına da öz təsirini göstərəcəkdir. İşğaldan azad edilmiş iqtisadi zonalarda bərpa işləri və innovasiyaların tətbiqi Azərbaycanın 2040-2050-ci illərdə iqtisadi gücünü artıracaq. Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər”, “ağıllı kənd” kimi yeni sistemlərin yaradılmasında və regionun iqtisadi inkişafında süni intellektin rolu vacibdir.
Ekspert əlavə edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkədə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Eyni zamanda, bununla bağlı tədbirlər planı təsdiq edilib. Qeyd etmək lazımdır ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.
“Ümumiyyətlə, Azərbaycan Respublikası tərəfindən nəqliyyat və logistika sistemində innovasiyaların tətbiqi beynəlxalq və milli səviyyəyə bölünməlidir. “Şimal-Cənub” və “Silk way” nəqliyyat xətlərinin inkişafı məqsədilə süni intellektin istifadəsi birbaşa Çindən Avropaya və Hindistandan Rusiyaya təqdim edilən məhsulların müddətinə qənaət edilməsinə təsir edəcək. Eyni zamanda, Bakı-Zəngilan və Bakı-Laçın nəqliyyat xətlərin təkmilləşdirilməsində süni intellekt yeni həll yolları təqdim edə bilər. Bu mexanizm Zəngəzur koridoru vasitəsilə Bakı-Naxçıvan xətti üçün də vacibdir. Süni intellekt logistika, nəqliyyat və yük daşımalarda milli maraqlara cavab verir”, - deyə o qeyd edib.
Ekspert bildirib ki, süni intellekt ölkənin milli və beynəlxalq səviyyədə maraqlarına yalnız dövlət qurumları vasitəsilə deyil, həm də özəl sektor vasitəsilə təsir edir. Bu sahənin inkişafında beynəlxalq transmilli şirkətlərin rolu böyükdür. Onun sözlərinə görə, “Microsoft”, “Apple”, “Amazon”, “Alphabet”, “Nvidia”, “Meta”, “AMD”, “İntel” və digər texnoloji şirkətlər süni intellekti və robototexnikanı öz məhsullarının hazırlanmasında, beynəlxalq bazarın qiymətləndirilməsində, marketinqdə tətbiq edirlər. Azərbaycanda özəl və dövlət şirkətləri həmin təcrübədən öyrənir. Ancaq SOCAR-ın yaxın gələcəkdə neft və neft məhsullarının istehsalında, qazma, emal və çatdırılması mərhələlərində süni intellektin tətbiqi ölkənin iqtisadi inkişafına gözəçarpan ölçüdə təsir edəcək. Bu isə öz növbəsində özəl sektorda süni intellektin yararlı istifadəsi üçün yeni imkanlar açacaq.
“Qeyd edilənlərə baxmayaraq, ölkədə süni intellektin tətbiqi məqsədilə hüquqi baza və milli qanunvericilik sistemi yaradılmalı, xüsusi strategiya hazırlanmalıdır. Milli qanunvericilikdə süni intellekt ayrıca bir hissəyə çevrilməlidir. Bu, həm də süni intellektin təsirinin qiymətləndirilməsi məqsədilə xüsusi statistika bazasının yaradılmasına təsir edəcək. Beləliklə, Azərbaycanda həyatın bütün sahələrində süni intellektin tətbiqi və inkişafı üçün əsaslar var. Biz bu prosesi yaşıl enerji və azad edilmiş rayonların inkişafı ilə başladıq”, - deyə Elgün Səfərov bildirib.

 

 

İqtisadiyyat 2024-05-08 18:00:00