×
A
A
A
Sazlamalar

Şair qəzəlxan Mahcamal Babayevanın "Hələ də gec deyil" kitabının təqdimatı olub

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair qəzəlxan Mahcamal Babayevanın “Hələ də gec deyil” adlı yeni kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Yazıçılar Birliyinin katibi, şair, dramaturq, yazıçı İlqar Fəhmi açaraq Mahcamal Babayevanın klassik janrda yazdığı şeir nümunələrində şairin öz dəst-xətti olduğunu xüsusi qeyd edib. O, yeni kitabın müasir zamanı əks edən qəzəllərində vətənpərvərliyi, insanın duyğu və hisslərinin poetik tərzdə ifadəsinin uğurlu olduğunu diqqətə çatdırıb.
“Azərbaycan” dərgisinin redaktoru, Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə klassik janrda yazan müasir şairlər sırasında Mahcamal Babayevanın xüsusilə seçildiyini bildirib, onun heca vəznində yazdığı şeirlərin möhtəşəmliyini qeyd edib.
Bəstəkarlar İttifaqının katibi, professor, musiqişünas Zemfira Qafarova Mahcamal xanımın "Bizim bağın çəpəri yox" adlı kitabını da xatırladıb.
Filologiya elmləri doktoru Vaqif Yusifli də kitab haqqında mövqeyini və fikirlərini bildirib. Çıxışının sonunda o, Mahcamal Babayevanın “Külək” qəzəlini söyləyib.
Tədbirin qonağı - Rusiyanın Əməkdar həkimi, tibb elmləri doktoru, Smolensk vilayətinin sabiq senatoru Kozlova Lyudmila Vyaçeslavovna müəllif haqqında ürək sözlərini deyib.
Sonra şairin qələm dostları - şair Firuzə Məmmədli, Əməkdar jurnalist Zemfira Məhərrəmli, "Yada düşdü" dərgisinin redaktoru Nəzakət Məmmədli, şair yazıçı Şövkət Zərin Harovlu, şairin tələbə yoldaşı texnika elmləri doktoru Alçın Şirinzadə ürək sözlərini bölüşüblər.
Daha sonra istedadlı aktyor Tural Əhməd şairin qəzəllərini səsləndirib.
Qeyd edək ki, Təhsil Nəşriyyatı tərəfindən çap olunan “Hələ də gec deyil” kitabının üz qabığının dizaynı istedadlı dizayner, rəssam Rəsul Həsənə məxsusdur.
Sonda Mahcamal Babayeva Vətən müharibəsinə həsr etdiyi “Oğul olduq” rədifli qəzəlini və həyatdan vaxtsız köçən qızı Aynurun xatirəsinə ithaf olunmuş qəzəlini söyləyib.

 

Mədəniyyət 2024-05-08 17:12:00