×
A
A
A
Sazlamalar

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

Lerik, 8 may, AZƏRTAC

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cəfərov Müşfiq İlyas oğlunun meyitinin qalıqları Lənkərana gətirilib. O, Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbər" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmişdi.
AZƏRTAC xəbər verir ki, şəhidin nəşi rayonun Monidigah kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.
Şəhidin qardaşı Rüzgar Cəfərzadə bildirib ki, Müşfiq cəsur döyüşçü olub. O, Füzulidə işğalçı düşmənin xeyli canlı qüvvəsini məhv edib: “Onun əsir düşdüyü deyilirdi. Nəhayət, qardaşımın nəşinin yeri tapıldı və doğma kəndimizə gətirildi. İndi Müşfiqi ziyarət etmək üçün məzarımız var. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz şəhidlərimizin qisasını aldı”.
Qeyd edək ki, Cəfərov Müşfiq İlyas oğlu 1994-cü il yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüş sayılırdı.

 

 

Regionlar 2024-05-08 16:34:00