×
A
A
A
Sazlamalar

Nazir müavini: Naxçıvanda cari ilin üç ayında nağdsız ödənişlər 2 dəfədən çox artıb

Naxçıvan, 8 may, AZƏRTAC

Naxçıvanda hazırda iqtisadi aktivlik sahibkarlıq subyektlərinin artımı ilə müşayiət olunur. ƏDV ödəyicilərinin sayı cari ilin yanvar-aprel ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 55,2 faiz artıb, 1 may 2024-cü il tarixə quraşdırılan kassa aparatlarının sayı isə ilin əvvəli ilə müqayisədə 20,4 faiz çoxdur.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri mayın 8-də Naxçıvan Biznes Mərkəzində keçirilən “Naxçıvanda dövlət-özəl tərəfdaşlığına həsr edilmiş Sahibkarlara Dəstək Konfransında Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Abbas İsmayılov deyib.
Nazir müavini qeyd edib ki, iqtisadi inkişafa və şəffaflığa xidmət edən nağdsız ödənişlər 2023-cü ildə 617,6 milyon manat təşkil edib ki, bu da bir il öncəki göstəricidən 3 dəfə çoxdur. Bu tendensiya 2024-cü ilin 3 ayında da davam edərək ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çox, 216,1 milyon manat olub. 2024-cü ilin ilk 4 ayında Naxçıvanda yeni qeydiyyatdan keçmiş vergiödəyicilərinin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz artıb.
Bildirilib ki, ötən il Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumilikdə, sahibkarların 67 investisiya layihəsinin maliyyələşdirilməsinə 8,4 milyon manat güzəştli kredit ayrılıb.

Regionlar 2024-05-08 16:07:00