×
A
A
A
Sazlamalar

“Hər yanı gülşən Azərbaycan!” adlı III Regional xor müsabiqəsinin final mərhələsi keçirilib

Mingəçevir, 8 may, AZƏRTAC
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Mədəniyyət Nazirliyinin dəstəyi, Mərkəzi Aran və Mil-Muğan Regional Mədəniyyət idarələrinin birgə təşkilatçılığı ilə III Regional xor müsabiqəsi keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Hər yanı gülşən Azərbaycan!” adlı III Regional xor müsabiqəsinin final mərhələsi Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində baş tutub. Final mərhələsində Mil-Muğan və Mərkəzi Aran Regional Mədəniyyət idarələri üzrə fəaliyyət göstərən 6 uşaq musiqi və incəsənət məktəbinin xor kollektivləri iştirak edib.
Xor kollektivləri münsiflər heyəti qarşısında müxtəlif musiqi nömrələri ilə çıxış ediblər. Sonda qalib gəlmiş xor kollektivləri münsiflər heyəti tərəfindən elan olunub.
Kürdəmir şəhər Uşaq İncəsənət Məktəbi Qran-Pri mükafatına layiq görülüb. Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli Onbirillik Musiqi Məktəbi I yerə, Ağdaş şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi II yerə, Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbi III yerə çıxıblar. Beyləqan rayon Niyazi adına Uşaq Musiqi Məktəbi və Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Uşaq Musiqi Məktəbi isə diploma layiq görülüb.

 

Regionlar 2024-05-08 15:54:00