×
A
A
A
Sazlamalar

Akademik İsa Həbibbəyli Türk dünyasının elm xadimləri ilə görüşüb

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası çərçivəsində ölkəmizdə səfərdə olan Beynəlxalq Türk Akademiyasının rəhbərliyi və Türk dünyasının elm xadimləri ilə görüşüb. Görüşdə Türkiyə, Şimali Kipr Türk Respublikası, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan elm xadimləri iştirak ediblər.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə akademik İsa Həbibbəyli Beynəlxalq Türk Akademiyasının yaranma tarixinə nəzər salıb, bu gün Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın Beynəlxalq Türk Akademiyasının üzvü, Özbəkistan və Macarıstanın isə müşahidəçi statusunda olduğunu söyləyib.
Akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultaydan ötən 100 ilə yaxın müddət ərzində türk xalqlarının ortaq əlifbaya keçid məsələsinin artıq reallığa doğru getdiyini, Türk Dövlətləri Təşkilatının və liderlərinin səyləri nəticəsində Türk dünyasının vahid amal uğrunda birləşməkdə olduğunu deyib.
“Türk dünyasının birliyi üçün ortaq əlifbaya keçid məsələsi olduqca mühümdür. Bu, həm də sürgünə məruz qalmış Birinci Türkoloji Qurultayın iştirakçılarının ideallarının gerçəkləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə akademik İsa Həbibbəyli söyləyib.
AMEA-nın yaranma tarixinə də nəzər salan akademik İsa Həbibbəyli 2025-ci ildə akademiyanın 80 illiyinin qeyd olunacağını, ötən müddət ərzində AMEA-nın Azərbaycanda elmin və ziyalı təfəkkürünün inkişafında, milli təfəkkürün, eləcə də ana dilimizin qorunmasında müstəsna xidmətlər göstərdiyini vurğulayıb.
Akademiyada Türk dünyası ilə əlaqələr çərçivəsində görülmüş işlərə də toxunan akademik İsa Həbibbəyli Xalid Səid Xocayevin 1935-1937-ci illərində Azərbaycan dilinə tərcümə etdiyi Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin Dilçilik İnstitutu tərəfindən çap olunduğunu, “Kitabi-Dədə Qorqud” dastanının Drezden, Vatikan və Günbənd nüsxəsinin çapa hazırlandığını bildirib.
Görüşdə, həmçinin Türkiyənin Egey Universitetinin professorları Fikrət Türkmən, Mustafa Ömər və Qırğızıstan Milli Akademiyasının akademiki Sırtbay Musayev çıxış edərək Türk dünyasının, türkologiyanın inkişafı, əlaqələrin genişləndirilməsi istiqamətlərdə fikirlərini diqqətə çatdırıblar.

Elm və təhsil 2024-05-08 15:35:00