×
A
A
A
Sazlamalar

Naxçıvanda “100 illik tarixin zirvəsi: Heydər Əliyev” adlı tədbir keçirilib

Naxçıvan, 8 may, AZƏRTAC

Naxçıvan şəhərindəki Gənclik Mərkəzində muxtar respublikanın 100 illiyi çərçivəsində “100 illik tarixin zirvəsi: Heydər Əliyev” adlı tədbir təşkil olunub. Tədbirdə dövlət, hökumət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdən əvvəl Ulu Öndərin Naxçıvan şəhərindəki abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ulu Öndərin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva bildirib ki, Ulu Öndər bütün həyatı boyunca Vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəməyib. Naxçıvanın davamlı inkişafında böyük xidmətləri olan Ümummilli Lider hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlayıb, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olub.
Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzinin İdarə Heyətinin sədri Esmira Tağıyeva mərkəz tərəfindən keçirilən ilk tədbirin muxtariyyətin 100 illiyi və Heydər Əliyevin doğum günü ərəfəsinə təsadüf etdiyini əlamətdar hadisə kimi qeyd edib. Bildirib ki, bu kimi tədbirlərin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin təbliğidir.
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, şəhid baş leytenant Amin Gülməmmədovun atası Mayis Gülməmmədov, "Naxçıvan Qaziləri" İctimai Birliyinin sədri Ceyhun Bayramov çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan sosial siyasətin bu gün çoxşaxəli və uğurla davam etdirildiyini qeyd edib, müharibə iştirakçılarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Ulu Öndərə həsr etdiyi videoçarx və Naxçıvan Televiziyasının hazırladığı “Ömrün Naxçıvan aşırımları” filmi nümayiş olunub.
Tədbir bədii hissə ilə davam edib.

Regionlar 2024-05-08 14:04:00