×
A
A
A
Sazlamalar

Naxçıvanda “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans keçirilir

Naxçıvan, 8 may, AZƏRTAC

Azərbaycan və Naxçıvan Muxtar Respublikası Vəkillər kollegiyalarının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101, Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Heydər Əliyev Muzeyi ziyarət edilib, dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq olub.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov və onun başçılıq etdiyi nümayəndə heyəti, eləcə də deputatlar, vəkillər, III “Yüksəliş” müsabiqəsinin qalibi İbrahim Məmmədzadə və digər rəsmilər iştirak edirlər.

Regionlar 2024-05-08 10:47:00