×
A
A
A
Sazlamalar

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakı, 7 may, AZƏRTAC
Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, BMT-nin Qadın Agentliyinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Belen Suns Luke, BMT Baş katibinin köməkçisi Markos Neto, Laos Xarici İşlər Nazirliyinin departament direktoru Daovi Vonqsay çıxış ediblər.
Çıxışlarda BMT-nin Dayanıqlı İnkişaf Məqsədi layihəsinin həyata keçirilməsi, üzv dövlətlər tərəfindən bu layihəyə verilən dəstək, dövlətlərin gördüyü işlər və Milli Hesabat Proqramlarının hazırlanması haqqında danışıblar. Qeyd olunub ki, Azərbaycan dünyada baş verən gərgin siyasi proseslərə baxmayaraq sosial-iqtisadi inkişafını davam etdirə bilib və bu istiqamətdə bir sıra uğurlu layihələri həyata keçirib. Bu gün Azərbaycan dövləti tərəfindən reallaşdırılan sosial, iqtisadi, humanitar, ekologiya, yaşıl enerji ilə bağlı layihələr BMT-nin DİM proqramına uyğunlaşdırılır.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan 30 il ərzində erməni işğalında qalan ərazilərini azad edib və 1 milyona yaxın qaçqının qayıtması üçün böyük quruculuq işləri həyata keçirir. Bu işlərin görülməsi üçün hazırlanan proqram və layihələr də DİM-ə uyğun şəkildə aparılır. Misal üçün, azad edilən Qarabağda “ağıllı kənd”in salınması, bu regionun enerji təminatının, əsasən yaşıl enerji istehsalı hesabına ödənilməsi və digər işlər onu deməyə əsas verir ki, Azərbaycan qlobal prosesləri nəzərə alaraq inkişaf istiqamətində addımlar atır.
Tədbirdə vurğulanıb ki, Azərbaycan təcrübəsindən bir sıra dövlətlər də istifadə etmək və təcrübə mübadiləsi aparmaq istəyindədirlər.
Çıxışlardan sonra tədbir “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına baxış: əsas məqamlar və mesajlar” və “Beynəlxalq Əmək Təşkilatının Azərbaycanda qayğı işi: gender bərabərliyinin daha güclü olduğu iş dünyası naminə qayğı məzuniyyəti və xidmətinə sərmayə” mövzularında təqdimat və müzakirələrlə davam edib.

İqtisadiyyat 2024-05-07 19:52:00