×
A
A
A
Sazlamalar

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

Bakı, 7 may, AZƏRTAC
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Slovakiyanın İnvestisiyalar və Ticarətin İnkişafı Agentliyinin (SAIRO) birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmilərlə yanaşı, müdafiə sənayesi, İKT, maliyyə və logistika sahələrini təmsil edən 90-dan çox şirkət nümayəndələri iştirak edib.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakovanın iştirakı ilə keçirilən biznes forumda tərəflər ikitərəfli iqtisadi əlaqələrin səmərəsini yüksəldən birgə fəaliyyət istiqamətlərinin genişləndirilməsi, ticarət, energetika, sənaye, nəqliyyat, turizm sahələri üzrə tərəfdaşlığın gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər. Tədbirdə Azərbaycanla Slovakiya arasında investisiya imkanlarının dəyərləndirilməsi, biznes subyektləri arasında əməkdaşlığın və qarşılıqlı sərmayələrin təşviqi barədə müzakirələr aparılıb.
Tərəflər, həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və əməkdaşlığın diversifikasiyasının əsas məqsədlərdən olduğunu qeyd edib və bu müstəvidə təşkil olunan biznes forumların iqtisadi-ticarət münasibətlərinə mühüm töhfə verdiyini vurğulayıblar.
Biznes forumda AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və SAIRO-nun baş icraçı direktoru Robert Simonçic iki ölkənin investisiya və ixrac perspektivləri barədə məlumat veriblər.
Forum çərçivəsində qurumlar arasında sənədlərin imzalanması mərasimi keçirilib. Slovakiyanın “SEAK s.r.o.” və “Itech Group” MMC, eləcə də Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və “Eximbank SR” arasında memorandumlar imzalanıb. Sənədlərin icrası tərəflər arasında birgə investisiya imkanlarının qiymətləndirilməsi, biznes, rabitə və kibertəhlükəsizlik, smart texnologiyalar kimi sahələrdə əməkdaşlığın inkişafını təmin edəcək.
Biznes forum B2B formatda görüşlər ilə davam edib.

İqtisadiyyat 2024-05-07 20:02:00