×
A
A
A
Sazlamalar

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Bakı, 7 may, AZƏRTAC

“Badamdar Estates” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus külli miqdarda pul vəsaitinin mənimsənilməsinə dair müraciət əsasında Yasamal Rayon Prokurorluğunda araşdırma aparılıb.
Rayon prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, istintaq nəticəsində Dünyamalı Qarayevin həmin MMC-nin baş xəzinədarı işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadəyə, rəsmi sənədlərə yalan məlumatlar daxil edərək saxtakarlığa yol verməsi və təqdim olunan vəsaitlərin müəssisənin xəzinəsinə mədaxil edilməməsi yolu ilə ona etibar edilmiş ümumilikdə 163 min manatdan artıq pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.
İş üzrə toplanılmış mötəbər sübutlar əsasında Dünyamalı Qarayevə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cəmiyyət 2024-05-07 16:26:00