×
A
A
A
Sazlamalar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Bakı, 7 may, AZƏRTAC

Hazırda ölkə ərazisində 17 Qadın Resurs Mərkəzi fəaliyyət göstərir və onların 8336 üzvü var. Mərkəzlərdə qadınların maliyyə savadlılığının formalaşdırılması, maliyyə resurslarına əlçatanlığın təmini, məşğulluq imkanlarının artırılması üçün zəruri bilik və bacarıqların aşılanması və texnoloji yeniliklərin tətbiqi ilə bağlı keçirilən çoxsaylı təlimlərin nəticəsi olaraq 824 nəfər qadının biznes fəaliyyətinə başlamasına nail olmuşuq.
AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dialoqunda çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O qeyd edib ki, Dövlət Komitəsinin təşəbbüsü ilə ölkədə sahibkar və kənd qadınlarının assosiasiyaları yaradılıb.
“Təcrübə göstərir ki, ən çox mikro və kiçik sahibkarlıq subyektləri arasında üstünlük təşkil edən qadınların ilkin maliyyələşdirmə üçün resurslara çıxışı zəif olduğundan onlar əsasən ailəsi və ya şəxsi yığımlarından istifadə edirlər. Onların yalnız cüzi hissəsi bank kreditlərindən istifadə edirlər”, - deyə komitə sədri bildirib.
Onun sözlərinə görə, görüşlərdə sahibkar qadınlar tənzimləmə sistemlərinin, xüsusilə də vergi və gömrük prosedurlarının öz biznesləri üçün böyük bir yük olduğunu bildirirlər. Qadın sahibkarların 80 faizə qədərinə yerli müştərilər üz tutur.

İqtisadiyyat 2024-05-07 11:20:00