×
A
A
A
Sazlamalar

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Bakı, 7 may, Tatyana İvanayeva, AZƏRTAC

Tənqidçilər Lüdoviko Eynaudini bəzən zarafatla "Yutub dövrünün klassiki" adlandırırlar. Lakin bəstəkar bundan incimir və öz musiqisinin cəlbediciliyini melodiya və sadəlikdə deyil, dinləyicisi üçün müasir olmaq istəyində tapır. Etiraf etdiyinə görə, Lüdoviko Eynaudi özünü geniş auditoriya üçün klassik musiqi bələdçisi rolunda görür.
AZƏRTAC xəbər verir ki, “Mystery Ensemble” kollektivinin Kamera və orqan musiqisi zalının səhnəsində təqdim etdiyi yeni proqramı musiqiçilərin fikrincə, cəsarətlə ən romantik olanlardan birinə aid etmək mümkündür. Onlar məşhur italyan neoklassik bəstəkarının “Underwater” albomuna daxil olan əsərləri ifa edərək, dinləyicilərə musiqi, yüzlərlə şamla işıqlandırılan zalın kamera atmosferinin ahəngini və unudulmaz may axşamını bəxş ediblər.
Klassik və müasir meyilləri birləşdirən musiqi ifadələrinin incə bir şəkildə sintezi, simli alətlər və fortepiano seksteti sanki maestronun “Underwater” albomunun üzərində işi haqqında hekayəsini təkrarlayırdı: “Siz suyun altında üzərkən sükunət fərqli olur, səslər fərqli qavranılır. Ümumiyyətlə, hər şey başqa cür qəbul olunur”.
“Underwater” albomu 2020-ci ildə karantin dövründə hissə-hissə yaradılıb. 2022-ci ildə çıxan albom maestronun iyirmi ildə ilk studiya albomu oldu.
Konsert proqramına Luminous, Temple White, Indian Yellow, Rolling Like а Ball, Flora, Natural Light, Almost June, Swordfish, Wind Song, Atoms, Temple White, Nobody Knows və Underwater kimi müxtəlif kompozisiyalar daxil olub.
Konsertdə 2006-cı ildə çıxan eyniadlı albomdan “Divenire” kompozisiyası və tənqidçilərin bəyəndiyi “Primavera” parçası da səsləndirilib. Bundan əlavə, dinləyicilərin qəlbinə xitab edən və bəstəkarın yaşadığı emosiyaları ustalıqla incə bir musiqi dilinə çevirən “Elements” albomundan “Petricor” açılış parçası da səsləndirilib: tezliklə güclü daşqına və fırtınadan sonrakı sakitliyə çevrilən suyun gurultusunu mükəmməl bir şəkildə yenidən canlandıran oynaq və heyranedici səs.
Konsertin təşkilatçısı Azərbaycan, bütün Avropa, Böyük Britaniya, Gürcüstan, Rusiya və digər ölkələrdəki qədim mülklərdə şam işığında, damlarda, istixanalarda, planetarilərdə və digər ən atmosferli yerlərdə unikal mədəni hadisələr təqdim edən “RED EVENTS & Distribution Ltd” yaradıcı agentliyi olub.

Mədəniyyət 2024-05-07 10:23:00