×
A
A
A
Sazlamalar

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

Bakı, 6 may, AZƏRTAC

2044-cü ilədək Cənubi Koreyada əməkqabiliyyətli əhalinin sayı təqribən 10 milyon nəfər azalacaq. AZƏRTAC bu barədə xarici mediaya istinadla xəbər verir.
Koreya yarımadasında Əhalinin Məskunlaşması İnstitutunun hazırladığı hesabatda deyilir ki, Seulun 15-64 yaş arası iqtisadi fəal vətəndaşları kimi müəyyən etdiyi əməkqabiliyyətli əhalinin sayı 2044-cü ildə 21,17 milyon nəfərə çatacaq ki, bu da 2023-cü ildə olduğundan 9,4 milyon nəfər azdır.
İbtidai məktəbə qəbulun 2023-cü ildə 430.000-dən 2033-cü ildə təxminən 220.000-ə qədər azalacağı proqnozlaşdırılır.
Yaşı 20 ilə 38 arasında olan bütün əmək qabiliyyətli kişilərin hərbi xidmət keçməsinin tələb olunduğu ölkədə hər il icbari hərbi xidmətə çağırılanların sayı 2023-cü ildəki 260 mindən 2038-ci ildə təxminən 190 minə düşəcək.
Hesabatda qeyd olunur ki, digər tərəfdən, Cənubi Koreyada himayədə olan qocaların sayı artacaq.
Əhalinin orta yaş həddi 2023-cü ildəki 45,5 yaşdan 2031-ci ildə 50,3 yaşa yüksələcək, yəni əhalinin yarıdan çoxu 50 və daha yuxarı yaşda olacaq.
Eyni zamanda, 65 və yuxarı yaşda olan insanlar ümumi əhalinin təxminən 40 faizini təşkil edəcək və 2023-cü ildəki 9,73 milyondan 2050-ci ilə qədər 18,91 milyona yüksələcək.
Üstəlik, dörd onillikdən az müddətdə hər beş Cənubi Koreya vətəndaşından birinin yaşı 80 və ya daha yuxarı olacaq. 2061-ci ilə qədər onların sayı 8,49 milyon olacaq ki, bu da 2023-cü illə müqayisədə təxminən dörd dəfə çoxdur.
Hesabatda, həmçinin Cənubi Koreya əhalisinin ümumi sayının 2023-cü ildəki 51,71 milyondan 2065-ci ilə qədər 40 milyondan aşağı düşərək azalmağa davam edəcəyi bildirilir.
Bundan əlavə, 2060-cı ilə qədər ölümlər doğumları əhəmiyyətli dərəcədə üstələyəcək, proqnozlaşdırılan ölümlərin sayının doğulanlardan 5 dəfə çox olacağı gözlənilir.

 

Dünya 2024-05-06 17:08:00