×
A
A
A
Sazlamalar

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Bakı, 6 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında görkəmli dilçi alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Yusif Seyidovun 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri professor Mətanət Abdullayeva professor Yusif Seyidovun gələcək nəsillərə örnək ömür yolu və yaradıcılıq istiqamətləri haqqında məlumat verib. O, Y.Seyidovun Azərbaycan dilçiliyinin aktual problemləri ilə yanaşı, ədəbiyyatşünaslıq və ədəbi tənqid sahəsində yazdığı əsərlərinin də dəyərli elmi araşdırmalar olduğunu vurğulayıb, çoxşaxəli yaradıcılığı ilə Azərbaycanda filoloji düşüncənin inkişafına böyük töhfələr verdiyini diqqətə çatdırıb. Bildirilib ki, alimin ədəbiyyatşünaslıq və ədəbi tənqid sahəsində yazdığı əsərlərdə həm də fəlsəfi dünyagörüşü, estetik baxışları ifadə olunub.
Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov professor Yusif Seyidovun Azərbaycan dilinin qrammatika problemlərinin araşdırılmasında, dilimizin saflığının qorunması sahəsində nəinki Azərbaycan, ümumən türkoloji dilçiliyin önəmli mənbələrindən biri olduğunu qeyd edib. O, eyni zamanda, ana dilimizin ali və orta məktəblərdə tədris olunmasında və kafedranın yaradılmasında alimin mühüm xidmətlərindən söz açıb.
Sonra Türkologiya kafedrasının müdiri professor Məhərrəm Məmmədov, Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri professor İlhamə Hacıyeva, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosentləri Rəhilə Quliyeva, Rəna Mahmudova və Şəlalə Abdullayeva, həmçinin mərhum alimin ailə üzvləri çıxış edərək professor Yusif Seyidovun şərəfli ömür yolundan, zəngin elmi yaradıcılığından, Azərbaycan dilinin tədrisi sahəsindəki müstəsna xidmətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Elm və təhsil 2024-05-06 17:05:00