Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO
Narkotik vasitələrin “qara bazar”da dəyəri 6,5 milyon manatdır
Bakı, 6 may, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları aprel ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 38 əməliyyat keçiriblər.
İdarədən AZƏRTAC-a verilən məlumata görə, əməliyyat nəticəsində 34 nəfər və 2 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 6-i ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər olub. Əməliyyatlar nəticəsində “qara bazar”da dəyəri 6.5 milyon manat olan 150 kiloqram, o cümlədən 87 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 36 kiloqram heroin, 22 kiloqram metamfetamin, 5 kiloqram tiryək və digər növdən olan narkotik vasitə, 5 min psixotrop tərkibli metadon, tramadol və lirika həbi ələ keçirilib.
Araşdırmalar nəticəsində müəyyənləşdirilib ki, saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları tərəfindən qanunsuz yollarla ölkəmizə göndərilən narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə ayrı-ayrı şəxslərə çatdırmağı planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanlar barədə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri respublikanın bütün bölgələrində fasiləsiz olaraq davam etdirilir.
Bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə maarifləndirmə işi gücləndirilib
BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb
DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc Sahibkarların 10-cu Beynəlxalq Kazan Forumu başa çatıb