×
A
A
A
Sazlamalar

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

Bakı, 6 may, AZƏRTAC

Hindistanın şimal-şərqindəki Manipur ştatında leysan yağışlar və daşqınlarla əlaqədar bütün təhsil müəssisələrinin, o cümlədən məktəb və kolleclərin fəaliyyəti dayandırılıb.
AZƏRTAC “Times of India” saytına istinadla xəbər verir ki, son iki gündə, xüsusən də bazar günü ştatda aramsız yağışlar insanların gündəlik həyatına təsir göstərib. Ştatın müxtəlif yerlərinə, o cümlədən qərb bölgəsindəki Cançipur və Tera şəhərlərinə düşən dolu nəticəsində evlər və avtomobillər zədələnib.
Ştatın Baş naziri əhaliyə xəbərdarlıq edərək, qapalı məkanlarda qalmağa çağırıb. Qeyd edib ki, yerli hökumət insanların həyatını və əmlakını qorumaq, həmçinin zərər çəkənlərə kömək etmək üçün bütün lazımi tədbirləri görür.

 

Dünya 2024-05-06 12:08:00