×
A
A
A
Sazlamalar

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Bakı, 6 may, AZƏRTAC

Okeanın sahilindəki Rio-de-Janeyronun məşhur Kopakabana çimərliyinin qumlu bulvarında bir neçə məhəllə boyu davam edən böyük izdiham yaranıb. Şəhər meriyasının hesablamalarına görə, 1,6 milyon insan isti hava şəraitinə rəğmən dünyaşöhrətli müğənni Madonnanın “Celebration” qlobal qastrolunun başa çatmasına şahidlik etmək üçün onun verdiyi pulsuz konsertə gəlib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, insanların əksəriyyəti həmin məkanda yaxşı yer tutmaq üçün günlərlə vaxt keçirib, eyni zamanda, maddi cəhətdən daha imkanlı olanlar sahildə lövbər atmış qayıqlarda gözləyiblər, bəziləri isə sahilyanı apartamentlərdə toplaşıblar.
Populyar musiqi kraliçasının səhnəsinin yaxınlığında toplaşan pərəstişkarları sərinlətmək üçün yanğınsöndürənlər konsertdən əvvəl ətrafa su çiləyib və onlara pulsuz içməli su paylanılıb. Konsertdə 65 yaşlı Madonna iki saatdan artıq müddətdə “Like a Prayer”, “Vogue” və “Express Yourself” kimi hitlərini ifa edib. Şouda, həmçinin braziliyalı müğənnilər Anitta və Pablo Vittar, eləcə də samba məktəblərinin gənc musiqiçiləri çıxış ediblər.
Madonna Korkovado dağının üstündəki “Xilaskar Məsih” adlı nəhəng heykələ işarə edərək izdihama səslənib: “Rio, biz burada dünyanın ən gözəl yerində, okeanın, dağların, İsanın yanındayıq”.
“The Rolling Stones” qrupu və “Rod Stüartın da bir dəfə milyonlarla insanlardan ibarət izdiham topladığı konsert məkanının ətrafında 3000-dən çox polis yerləşdirilib. Səlahiyyətlilər şəhərin məşhur Yeni il şənliklərində tətbiq etdikləri izdihamlı nəzarət strategiyasından istifadə etməli olublar.
Keçən il Teylor Sviftin konsertində gənc braziliyalı fanat istidən öldükdən sonra Braziliya hakimiyyəti istilərlə bağlı sağlamlıq problemlərinə qarşı sayıqlığı artırıb. Rio əyalətinin və şəhərin hakimiyyətləri konsertə 20 milyon real (3,9 milyon dollar) xərclədiklərini, vəsaitin qalan hissəsinin isə özəl sponsorlar tərəfindən maliyyələşdirildiyini bildiriblər. Eyni zamanda, səlahiyyətlilərə görə, konsert Rio iqtisadiyyatına təxminən 300 milyon real gəlir gətirə bilər.

 

Dünya 2024-05-06 10:44:00