×
A
A
A
Sazlamalar

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Türk Akademiyası və Atatürk adına Mədəniyyət, Dil və Tarix üzrə Ali Şurasının Türk Dil Qurumu, həmçinin Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən iclasda ortaq əlifbanın inkişafı istiqamətində atılacaq yeni addımlar müzakirə olunub.
Tədbiri açan Azərbaycan Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov rəhbərlik etdiyi qurumun Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını və 25 ilə yaxındır ki, türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsinə və təbliğinə xidmət etdiyini bildirib. Ortaq türk əlifbasının yaradılması ilə bağlı tədbirin Atatürkün adını daşıyan Mərkəzdə keçirilməsinin təsadüfi olmadığını qeyd edən akademik Türkiyə Cümhuriyyətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürkün 1928-ci ildə ən böyük layihələrdən birini həyata keçirərək Türkiyədə latın əlifbasına keçidi təmin etdiyini söyləyib.
Azərbaycanda latın qrafikasına keçidin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran Nizami Cəfərov 2001-ci ildə Ümummilli Lider tərəfindən imzalanmış “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanla ölkədə iki əlifbadan istifadəyə birdəfəlik son qoyulduğunu və latın qrafikasına keçidin təmin olunduğunu bildirib. Akademik çıxışının sonunda ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlərin zamanın tələbi olduğunu vurğulayıb.
Sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli Türk dünyasında gedən sürətli inteqrasiya proseslərinin bir çox məsələləri, o cümlədən ortaq əlifbanın yaradılması məsələsini subyektiv şəkildə meydana qoyduğunu bildirib. O, bu baxımdan ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan müzakirələrin dövrün çağırışı olduğunu və mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
AMEA-nın rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 14-də keçirilmiş andiçmə mərasimindəki çıxışında Türk dünyası ilə əməkdaşlığın dövlət siyasətində prioritet olduğunu və Türk Dövlətləri Təşkilatını vahid bir ailə kimi təsvir etdiyini xatırladıb.
Akademik İsa Həbibbəyli türk xalqlarının latın qrafikası əsasında ortaq əlifbaya keçidi məsələsinin təqribən 100 il əvvəl Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayda müzakirə edildiyini xatırladıb. Bildirib ki, 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultayda ərəb əlifbasının sadələşdirilib qəbul edilməsi və vahid qrafit təsvirləri olan latın əlifbasına keçid məsələsi tədbirin əsas müzakirə mövzusu idi. Onun sözlərinə görə, SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı mühüm əhəmiyyət daşıyan bu qurultay türk xalqlarının elmi-mədəni birliyinə üfüqlər açan ictimai hadisə idi.
Türk dünyasında əlifba islahatlarının Azərbaycan xalqının mütəfəkkiri Mirzə Fətəli Axundzadə tərəfindən başladıldığını söyləyən AMEA-nın prezidenti 1879-cu ildə latın qrafikası əsasında əlifba hazırlandığını diqqətə çatdırıb. O, 1924-cü ildə yaradılan Əlifba Komissiyasının bu istiqamətdə müəyyən işlər gördüyünü qeyd edib.
Akademik İsa Həbibbəyli indiki mürəkkəb geosiyasi şəraitdə ortaq əlifbanın yaradılmasının Türk dövlətləri arasında inteqrasiyanın, birlik, həmrəylik və əməkdaşlığın daha da genişlənməsi baxımından vacibliyini vurğulayıb, Türk Dünyası Ortaq Əlifba Komissiyasının işinə bu istiqamətdə uğurlar arzulayıb.
Çıxışının sonunda AMEA-nın prezidenti Xalid Səid Xocayevin 1935-1937-ci illərdə Azərbaycan dilinə tərcümə etdiyi Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin Dilçilik İnstitutu tərəfindən çap olunmuş iki cildini Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevə hədiyyə edib.
Akademik Şahin Mustafayev bildirib ki, Türk dünyası üçün son dərəcə zəruri olan ortaq əlifbanın yaradılması məsələsi bütün ziyalıların qarşısında mühüm vəzifə kimi durmaqdadır. Ortaq kökə və mədəniyyətə sahib olan türk xalqlarının bir-biri ilə sürətli inteqrasiya proseslərinin getdiyi müasir mərhələdə onların ortaq əlifbasının olmasının müstəsna rolu var. O, həmçinin bildirib ki, türk xalqlarının dil yaxınlığının qorunub saxlanması əməkdaşlığın gücləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Ş.Mustafayev Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikrinin Türk dünyasında sevinclə qarşılandığını vurğulayıb.
Ötən il Astana şəhərində baş tutan Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşü zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk dövlətlərinin eyni əlifbaya keçə bilməsi barədə təklif irəli sürdüyünü xatırladan akademik ortaq türk əlifbası təklifinin TDT-nin katibliyinə təqdim edildiyini bildirib.
Türk Dünyası Ortaq Əlifba Komissiyasının ilk iclasının ötən il mayın 29-da Astanada keçirildiyini söyləyən Türk Akademiyasının prezidenti ortaq əlifba ilə bağlı fikir mübadiləsinin aparılması, təkliflər əsasında ortaq əlifba üzrə fəaliyyət planının müəyyən edilməsi, eləcə də terminologiya sahəsində həyata keçirilən layihələrin qiymətləndirilməsi baxımından Bakıda keçirilən iclasın önəmini qeyd edib.
Daha sonra Türk Dil Qurumunun rəhbəri professor Osman Mert çıxış edərək Türk dünyasının ortaq əlifbasının yaradılmasını tarixi hadisə kimi dəyərləndirib. Qədim dövrlərdən əcdadlarımızın yüksək yazı mədəniyyətinə malik olduğunu deyən professor O.Mert türk dilində danışan ölkələrlə elmi-mədəni əlaqələrin genişləndirilməsi baxımından ortaq əlifbanın yaradılmasının vacibliyini vurğulayıb. Türkiyəli professor bildirib ki, ortaq əlifba mədəniyyətimizin, dilimizin bir-birinə daha da yaxınlaşmasını təmin edəcək. Bu, həm də turizm baxımından çox əhəmiyyətlidir.
İclasda çıxış edən TDT Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov türk dövlətlərinin mövcud əlaqələrini, münasibətlərini intibah kimi qiymətləndirib. Qeyd edib ki, vaxtilə Azərbaycanda latın qrafikasına keçilməsinə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində nail olunub: “Hazırda türk dövlətlərinin ortaq əlifbasının yaradılması üzərində iş gedir və Prezident İlham Əliyev bu istiqamətdə görülən işlərə böyük dəstək verir”.
Daha sonra tədbir plenar iclaslarla davam edib.
“Əlifba sahəsində aparılan işlərin və irəliləyişlərin qiymətləndirilməsi”, “Türk dünyasının ortaq əlifbası ilə bağlı fəaliyyət planının müəyyən edilməsi” və “Ortaq terminologiya sahəsində araşdırmaların qiymətləndirilməsi və atılacaq addımlar” adlı sessiya iclaslarında geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib.
Xatırladaq ki, 2021-ci ildə TDT Dövlət Başçılarının 8-ci Zirvə görüşündə qəbul edilən “Türk Dünyası 2040 Baxışı” sənədində TDT-yə üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi üçün ortaq əlifba və terminologiyada birliyə nail olunması qarşıya hədəf qoyulub. Çünki türk dövlətlərinin əlifbalarının uyğunlaşdırılması qardaş ölkələr arasında əməkdaşlığı artıracaq mühüm amillərdən biridir.

Cəmiyyət 2024-05-06 16:50:00