×
A
A
A
Sazlamalar

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Brüssel, 4 may, AZƏRTAC

Azərbaycanın NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulmasının otuzuncu ildönümündə bir sıra siyasətçilər “X” sosial şəbəkəsində paylaşımlar dərc ediblər.
AZƏRTAC xəbər verir ki, NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolomina yazır: “Bu illər ərzində biz fəal dialoq və praktiki əməkdaşlıq vasitəsilə tərəfdaşlıq qurmuşuq. Biz Azərbaycanın NATO missiyalarına, enerji təhlükəsizliyinə və iqlim proqramlarına verdiyi töhfəni alqışlayırıq”.
NATO-nun İctimai Məsələlər və Strateji Əlaqələr üzrə Müşavirinin Ofisi (NATO-PASCAD) öz mikrobloqunda Azərbaycanın Alyans ilə otuzillik əməkdaşlığından qürur duyduğunu qeyd edib. “Tərəfdaşlığımız praktiki əməkdaşlıq və siyasi dialoq yolu ilə Avroatlantika təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır”, - deyə paylaşımda deyilir.
Öz növbəsində, Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə “X” şəbəkəsindəki paylaşımında Azərbaycanın bu proqrama qoşulmasında Ümummilli Lider Heydər Əliyevin rolunu qeyd edərək, 1994-cü il mayın 4-də müvafiq Çərçivə sənədinə məhz Ulu Öndərin imza atdığını xatırladıb.
“Sülh Naminə Tərəfdaşlıq” proqramının prinsip və məqsədlərinə uyğun olaraq, qarşılıqlı maraq doğuran məsələlərin geniş spektri üzrə otuz il ərzindəki səmərəli əməkdaşlıq, həmçinin NATO-nun sülhməramlı missiyalarına və Alyansın üzv və tərəfdaş Avropa dövlətlərinin enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələri sayəsində Azərbaycan NATO-nun dəyərli və etibarlı tərəfdaşı kimi tanınıb”, - deyə diplomat vurğulayıb.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel

Siyasət 2024-05-04 20:40:00