×
A
A
A
Sazlamalar

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

Ankara, 4 may, AZƏRTAC

Ankarada “Qərbi Azərbaycanın mədəni irsi beynəlxalq səviyyədə” mövzusunda Türkiyə-Azərbaycan Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin İnternet Media Strukturları (TİMBİR), Azərbaycan-Türkiyə Qadınlar Birliyi və digər qurumların təşkilati dəstəyi ilə Ankara Şəhər Şurasının binasında keçirilən tədbirdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Mətbuat Şurasının və Ankara Şəhər Şurasının nümayəndələri, TRT telekanalının təmsilçiləri, ölkə universitetlərinin alim və müəllimləri iştirak ediblər.
Forumun iştirakçıları Qərbi Azərbaycanda azərbaycanlıların öz ata-baba yurdlarına qaytarılması ilə tarixi ədalətin bərpasının vacibliyini vurğulayıblar.
TİMBİR-in sədri Süleyman Başa çıxışında Azərbaycan və Türkiyə ilə bağlı dezinformasiya axınının qarşısının alınmasında mətbuatın roluna toxunub və media sahəsində sıx əməkdaşlığa çağırıb. “Media strukturları sayəsində dünya ictimaiyyəti regionun reallıqları və tarixi haqqında hərtərəfli məlumatlandırılır. Yalanların ermənilərə faydası yoxdur. Əminəm ki, media həmrəyliyi xalqlarımızı daha da yaxınlaşdıracaq və cəmiyyətlərimizi gücləndirəcək”, - deyə S.Basa bildirib.
Ankara Şəhər Şurasının sədri Halil İbrahim Yılmaz Qərbi Azərbaycan irsini türk xalqlarının mədəniyyətinin mühüm tərkib hissəsi adlandırıb.
Tədbir iştirakçıları Azərbaycanın Vətən müharibəsində Qələbəsi sayəsində formalaşmış regional reallıqlar fonunda Ankara ilə Bakı arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Qərbi Azərbaycanda azərbaycanlıların öz doğma yurdlarına ləyaqətlə qayıtmasının təmin edilməsi və tarixi ədalətin bərpasının zəruriliyi qeyd edilib.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Siyasət 2024-05-04 14:35:00