×
A
A
A
Sazlamalar

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

Bakı, 4 may, AZƏRTAC

Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kubokunun püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, püşkün nəticəsinə əsasən Azərbaycan təmsilçilərinin də ilk rəqibləri müəyyənləşib.
Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Kamran Talıbov ölkəmizin zəngin cüdo ənənələrinə malik olduğunu, artıq ikinci ildir Göygöldə Avropa Kubokunun keçirildiyini qeyd edib. O, yarışın Avropa təqviminə daxil edilməsinin sevindirici olduğunu vurğulayıb. Federasiya rəsmisinin sözlərinə görə, yeniyetmə idmançılar belə yarışlarda öz bacarıqlarını artıra bilərlər.
Avropa Cüdo Birliyinin (EJU) idman komissarı Albert Qmayner turnirin təşkilini yüksək qiymətləndirərək, Azərbaycanın hər zaman böyük yarışlara ev sahibliyi etməklə məşhur olduğunu söyləyib. O, həmçinin qeyd edib ki, hər il Bakıda keçirilən “Böyük Dəbilqə” yarışlarına aparıcı cüdoçular gəlirlər. İdman komissarı qeyd edib ki, Göygöldə yeni ulduzlar parlaya bilər.
EJU-nun hakim-komissarı Nano Karvalyu bildirib ki, Azərbaycan cüdoçuları həmişə yüksək ustalığı ilə seçiliblər. O, yarışda maraqlı mübarizəni gedəcəyinə əmin olduğunu bildirib: “Mən tatamidə çətin döyüş gözləyirəm. Bütün iştirakçılara uğurlar arzulayıram”.
Turnirdə on dörd ölkədən 323 cüdoçu iştirak edəcək. Oğlanlar arasında 209, qızlar arasında isə 114 idmançı mübarizə aparacaq.
Avropa Kubokunda Fransa, Serbiya, Gürcüstan, Sloveniya, Yunanıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Türkiyə, Ukrayna, Qazaxıstan, Lüksemburq idmançıları, eləcə də fərdi bitərəf cüdoçular iştirak edəcəklər.
Azərbaycan milli komandasının heyətində 140 cüdoçu (95 oğlan və 45 qız) yer alıb.
Qeyd edək ki, ötən il tatami sahibləri 7 qızıl, 5 gümüş və 9 bürünc medal qazanaraq ümumi sıralamada birinci yeri tutublar. Türkiyə ikinci (3-4-5), Gürcüstan (2-2-2) üçüncü pillədə qərarlaşıb.

 

 

İdman 2024-05-04 11:23:00