×
A
A
A
Sazlamalar

İri sahibkarlıq subyektləri Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri sisteminin tətbiqinə başlayıb

Bakı, 1 may, AZƏRTAC

Qida sahəsində fəaliyyət göstərən iri sahibkarlıq subyektlərində Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) sisteminin tətbiqi Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tam təmin olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, HACCP qida və yem məhsullarında təhlükə amillərinin müəyyən olunması, qiymətləndirilməsi və onlara nəzarət edilməsi sistemidir və həmin sistemə əsaslanan prosedurlar qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktlarla müəyyənləşdirilir.
“Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, qida və yem məhsullarının istehsal və emal olunduğu qida obyektlərində, həmçinin qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində qida subyektləri Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) sisteminə əsaslanan prosedurları tətbiq etməli və buna əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar.
Xatırladaq ki, iri sahibkarlıq subyektləri “Qida təhlükəsizliyi haqqında” Qanun qüvvəyə mindikdən 2 il, kiçik və orta sahibkarlıq subyektləri 4 il, mikro sahibkarlıq subyektləri isə 6 il sonra HACCP sistemini məcburi qaydada tətbiq etməlidirlər. Artıq iri sahibkarlıq subyektləri HACCP sisteminin tətbiqinə başlayıblar.
Agentlik kiçik, orta və mikro sahibkarlıq subyektlərini də HACCP sisteminin tətbiqinə çağırır. Qeyd edək ki, sistemin tətbiqindən sonra yoxlamalar HACCP prinsipləri əsasında hazırlanmış yoxlama sualları əsasında aparılacaq və həmin sistemin tətbiq olunmaması ciddi nöqsan kimi qəbul ediləcək.
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə metodiki dəstək verməyə hazır olduğunu bəyan edir.

Cəmiyyət 2024-05-01 12:46:00