×
A
A
A
Sazlamalar

Tanışının ölümündə şübhəli bilinən şəxs barədə həbs qətimkan tədbiri seçilib

Bakı, 1 may, AZƏRTAC

Aprelin 28-də Tovuz rayon sakini, 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın almış olduğu yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Tovuz Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, araşdırmalar nəticəsində 2002-ci il təvəllüdlü Röyal Tağıyevin aprelin 18-də aralarında yaranmış mübahisə zamanı tanışı Türkanə Məmmədovanın üzərinə benzin töküb yandırmaqla ona yanıq xəsarətləri yetirməsinə və Türkanənin həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Röyal Tağıyev həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq davam etdirilir.

Cəmiyyət 2024-05-01 12:30:00