×
A
A
A
Sazlamalar

Şəhid anası: Hər sözünün əvvəli də, axırı da Vətən idi...

Astara, 1 may, İlkin Adıyev, AZƏRTAC

Hərbi tibb işçilərinin, həkimlərin Vətən müharibəsindəki qəhrəmanlıqları danılmazdır. Neçə-neçə həkim, tibb işçisi könüllü cəbhəyə yollandı. Onlar da əsgərlərimizlə birlikdə döyüşdülər, neçə igidimizi həyata qaytardılar. Vətənin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanlardan biri də tibb xidmətinin baş leytenantı Nurlan Əhliman oğlu Fərəməzovdur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Nurlan Fərəməzov 1992-ci il mayın 1-də Astara rayonunun Təngərüd kəndində anadan olub. Təngərüd kənd tam orta məktəbini bitirib. 2009–2015-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsində təhsil alıb.
Gədəbəy rayonunda məntəqə tibb xidməti rəisi vəzifəsində işləyib. Daha sonra Tovuzda xidmətinə davam edib. Altı il hərbi həkim kimi çalışıb. Oxuduğu, işlədiyi müddətdə biliyi, zəngin mənəviyyatı, sağlam əqidəsi, vətənpərvərliyi ilə hər kəsin hörmətini qazanıb.
Nurlan Fərəməzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində könüllü iştirak edib.
Anası Həqiqət xanım deyir ki, Nurlan həm həkim, həm də əsgər idi: “Nurlan haqqında danışmaq çox ağırdır. Ailəmizin tək oğlu, iki bacının yeganə qardaşı idi. Döyüşə gedəndə içimdə bir narahatçılıq var idi. Amma mənə deyirdi ki ana narahat olma, qalib əsgər kimi kəndimizə qayıdacağam. Hər sözünün əvvəli də, axırı da Vətən idi... Vətənini, torpağını hədsiz dərəcədə çox sevirdi. Telefonda danışanda həmişə deyərdi ki, ana, narahat olma, mən həkiməm, mənə heç nə olmaz. Mən onun telefon zəngini hələ də gözləyirəm. Qəbul edə bilmirəm ki, Nurlan aramızdan həmişəlik gedib...”.
Şəhidin atası Əhliman kişi isə bildirir ki, Nurlan çox vətənpərvər gənc olub. Onun üçün hər şeydən öndə Vətən gəlirdi: “İkinci Qarabağ müharibəsi başlayanda bütün gecəni yatmadı. Səhər açılan kimi, “mən hərbi həkim ixtisasını ona görə seçdim ki, belə gündə Vətənimə xidmət edim, döyüşçülərimizin yanında olum” deyib, döyüşə yollandı. Daha heç nə deyə bilmədik. İlk günlərdən savaşın ən qaynar nöqtələrində olub. Telefonda tez-tez danışırdıq. Hər şey yaxşıdır, bircə anamdan muğayat ol deyirdi”.
Nurlan Fərəməzov ağır döyüşlər zamanı yaralı hərbçiləri döyüş meydanından çıxararkən oktyabrın 9-da qəhrəmancasına şəhid olub. Şəhidimiz oktyabrın 10-da doğulduğu kənddə torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Nurlan Fərəməzov ölümündən sonra "Vətən uğrunda" , "İgidliyə görə" , "Füzulinin azad olunmasına görə" , “Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Regionlar 2024-05-01 11:53:00