Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb
Bakı, 1 may, AZƏRTAC
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) bir sıra internet provayderləri ilə görüş keçirilib.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, İKTA sədri vəzifəsini icra edən Nail Mərdanov bildirib ki, görüşün məqsədi Azərbaycanın dünyada internetin sürətinə görə reytinqinin yüksəlməsi üçün xidmət keyfiyyətinin artırılması istiqamətində görüləcək işlərin müzakirəsi və istehlakçı şikayətlərinin azalmasının təmin olunmasıdır.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində ölkəmizdə sabit genişzolaqlı şəbəkədə bir istifadəçinin internetdən orta istifadə sürətinin 2025-ci ildə 50 Mbit/s-ə, 2025-ci ildən sonra isə inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması hədəf indikatoru olaraq müəyyən edilib. Beləliklə, bu hədəfə çatmaq məqsədilə operator və provayderlərin təqdim etdikləri internet xidmətlərinin sürətlərinin artırılması üçün tədbirlərin görülməsinə dair tövsiyələr verilib. Qeyd olunub ki, optik şəbəkə və eləcə də operator və provayderlərin istifadə etdikləri texniki vasitələr sürət artımına tam olaraq uyğundurlar. Sürət artımının pilot olaraq sınaqdan çıxarılması, nəticələrin İKTA ilə təkrar müzakirə edilməsi təklif olunub.
Görüşdə çıxış edən internet provayderlərin nümayəndələri son zamanlar daşınma xərclərinin, avadanlıqların dəyərinin və infrastruktur qiymətlərinin artmasının xərclərin də artmasına səbəb olduğunu deyiblər.
Sürət artımının qiymət artımına təsir etməsi ehtimalının obyektiv araşdırılması məqsədilə operator və provayderlər tərəfindən internet xidmətlərinin tariflərinin necə formalaşması barədə Agentliyə məlumat verilməsi də müzakirə olunub.
Görüşdə, həmçinin telekommunikasiya şəbəkələrinin genişləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsində dövlət-özəl tərəfdaşlığı alətlərindən istifadə perspektivləri barədə də danışılıb.
Sonda problemlərin aradan qaldırılması məqsədilə bu cür görüşlərin, seminar və təlimlərin davamlı keçirilməsi qərara alınıb.
Doqquz ayda daşınmaz əmlakın icbari sığortası üzrə 1 milyon 870 min manat ödəniş edilib
Naxçıvan Muxtar Respublikasının rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Çindən Orta Dəhlizlə Azərbaycan istiqamətində 300-cü blok-qatar yola salınıb
Azərbaycanın sədrliyi ilə QDİƏT-in turizmlə bağlı iclası keçirilib