×
A
A
A
Sazlamalar

Türkiyə və Azərbaycan kitabxanaları arasında əməkdaşlıq və birgə layihələr müzakirə olunub

Ankara, 30 aprel, AZƏRTAC

Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Ankaradakı Millət Kitabxanasının direktoru Ayhan Tuğlu ilə iki qardaş ölkə arasında kitabxana işi sahəsində əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrası məsələlərini müzakirə edib.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, bütün sahələrdə olduğu kimi dövlətlərimiz üçün mədəni əlaqələr, kitabxana-informasiya sahəsində əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını bildirib.
S.Abbasov kitabxana-informasiya sahəsində Türkiyə ilə təcrübə mübadiləsinin aparılması, Azərbaycanın aparıcı kitabxanaları ilə əlaqələrin qurulması, qarşılıqlı səfərlərin reallaşdırılması, Millət Kitabxanasında Azərbaycan fondunun daha da zənginləşdirilməsi, kitabxanada tariximiz, mədəniyyətimiz, habelə mütəfəkkirlərimizə həsr olunmuş yubiley və konfransların təşkili, azərbaycanlı mütəxəssislərin kitabxananın nadir nəşrlər fondu və Türkiyə arxivlərinin elektron bazasından istifadə edərək tədqiqat aparmasına şərait yaradılması barədə təkliflərlə çıxış edib.
Ayhan Tuğlu öz növbəsində qabaqcıl təcrübəyə malik Millət Kitabxanasının uşaq, gənclər, habelə tədqiqatçılar üçün xidmət göstərən unikal elmi, təhsil və informasiya ocağı olduğunu söyləyib.
O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 2015-ci ildə yaradılan Türkiyənin ən böyük kitabxanasının fondunda hazırda 4 milyon 732 min nüsxə nəşr, 950 min elektron kitab, 125 min elektron jurnal və 300 milyondan çox məqalə, hesabat və s. saxlanılır.
İnformasiya resurslarının oxuculara təqdim olunmasında ən müasir yanaşmalardan istifadə olunur. Burada müvafiq icazəsi olan oxucu və tədqiqatçılara, Osmanlı arxivləri ilə Türkiyə Respublikasının dövlət arxivlərinin materiallarından istifadə etmə imkanı da yaradılıb.
Ayhan Tuğlu, Ankaradakı Millət Kitabxanasının ABŞ, Almaniya, Britaniya, Avropa Birliyi ölkələri, Rusiya, Qazaxıstan kitabxanaları ilə əməkdaşlıq əlaqələri qurduğunu, kitabxanada Türk dövlətlərinin, o cümlədən Azərbaycana aid nəşrlərin də əks olunduğu bölümlərin yaradıldığını vurğulayıb.
Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasını yüksək dəyərləndirən kitabxana direktoru, birgə əməkdaşlığın əhəmiyyətli olacağını qeyd edib.
Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi İslam Quliyevin də iştirak etdiyi görüş zamanı təkliflər, birgə layihələrin həyata keçirilməsinə dair razılıq əldə olunub.

 
Ramin Abdullayev
AZƏRTAC -ın xüsusi müxbiri
Ankara

Mədəniyyət 2024-04-30 14:47:00