×
A
A
A
Sazlamalar

“Volkswagen”in gəlirləri 20 faiz aşağı düşüb

Bakı, 30 aprel, AZƏRTAC

Almaniyanın “Volkswagen” avtomobil şirkətinin gəlirləri 2024-cü ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə avtomobil konserninin mətbuat üçün məlumatında bildirilir.
“Volkswagen”in əməliyyat gəliri 2024-cü ilin yanvar-mart aylarında 4,59 milyard avro təşkil edib, 2023-cü ilin eyni dövrü üzrə bu göstərici 5,75 milyard avro olmuşdu. Konsernin əməliyyat rentabelliliyi əvvəlki ildəki 7,5 faizə qarşı 6,1 faizə enib.
2024-cü ilin birinci rübündə şirkət dünyaya 2,1 milyon avtomobil ixrac edib. Bu göstərici bir il əvvəlki illə müqayisədə 2 faiz aşağıdır. Maşınların satış artımı təkcə Cənubi Amerikada (19 faiz) və Asiya-Sakit okean regionunda (2 faiz) müşahidə olunub. Şimali Amerikada “Volkswagen” satışı 10 faiz, dünyanın digər ölkələrində isə 5 faiz aşağı düşüb.

Dünya 2024-04-30 13:45:00