×
A
A
A
Sazlamalar

“Murov Az Terminal”ın kapitanı: “Neftçi”ni məğlub edərək finala çıxmaq sürpriz deyildi

Bakı, 20 aprel, AZƏRTAC

“Neftçi”ni məğlub edərək finala çıxmaq sürpriz deyildi”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında kişi voleybolçulardan ibarət “Murov Az Terminal” komandasının kapitanı Vüqar Bayramov Azərbaycan çempionatının finalına vəsiqə qazanmaları barədə danışarkən deyib.
Azərbaycan millisinin hücumçusu yarımfinal mərhələsində qarşılaşdıqları “Neftçi”yə təcrübə hesabına qalib gəldiklərini bildirib: “Neftçi” hər zaman medallar uğrunda mübarizə aparan komanda olub. Lakin bizdən fərqli olaraq, heyətlərində yeni oyunçular var. Bəlkə də bu amil onların çıxışına təsir göstərdi. Hər iki görüşdə “quru hesab”la qalib gəlməyi bacardıq. Finala vəsiqə qazandığımıza görə xoşbəxtik”.
32 yaşlı oyunçu Azərbaycan çempionu olacaqlarına inandığını söyləyib: “Oyunçularımızın bir çoxu ötən mövsümdən bir yerdə çıxış edirlər. Bu da bizim üçün əlavə üstünlükdür. Həlledici mərhələdə rəqib olan “Azərreyl”in heyətində keyfiyyətli əcnəbi voleybolçular var. Düşünürəm ki, azarkeşlər gərgin finalın şahidi olacaqlar”.
Qeyd edək ki, “Azərreyl” və “Murov Az Terminal” arasında Bakı İdman Sarayında baş tutacaq qarşılaşma aprelin 22-də saat 16:00-da start götürəcək.

İdman 2024-04-20 13:23:00