×
A
A
A
Sazlamalar

Qeyri-anklav kəndlərin geri qaytarılması Fransa və digər Qərb dövlətlərinin Azərbaycanla bağlı əsassız iddialarını da ifşa etdi - RƏY

Bakı, 20 aprel, AZƏRTAC
Dörd qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması Azərbaycanın və Prezident İlham Əliyevin növbəti qələbəsidir.
Bu sözləri AZƏRTAC-açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev qeyri-anklav kəndlərin qaytarılması məsələsini 2020-ci ildə qaldırmışdı və bu müddət ərzində mövzu daim gündəlikdə idi. Anklav olmayan 4 kəndin Azərbaycana qeyd-şərtsiz qaytarılmalı olduğunu vurğulayan dövlətimizin başçısı bəyan etmişdi: “O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalı və müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalı və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir”. Rəsmi Bakının mövqeyi hər zaman belə olub. Lakin Ermənistan zaman-zaman qeyri-müəyyən mövqe sərgiləyərək gah “güzgü şəklində geri çəkilmə”dən, gah 31 kənd iddiasından danışırdı. Lakin zaman göstərdi ki, Ermənistanın Qərbdəki havadarlarının diktəsi ilə nə deməsindən asılı olmayaraq, məsələ Azərbaycan Prezidentinin söylədiyi kimi oldu. 44 günlük müharibədə Qələbə, 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası, rusiyalı sülhməramlıların bölgədən çıxmasından sonra 4 qeyri-anklav kəndin qaytarılması Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış birləşdirən Prezident İlham Əliyevin xalqa növbəti hədiyyəsidir.
İki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyasının 8-ci görüşündə əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır. Delimitasiyanın məhz bu istiqamətdən başlaması da Azərbaycanın təkidi ilə oldu.
Bu razılaşma Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşmasına dair Fransa və digər Qərb dövlətlərinin təbliğatını da ifşa etdi. Azərbaycan ABŞ-ın və Aİ-nin bu məsələlərə müdaxiləsinə imkan vermədi, Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində, vasitəçisiz bu məsələni həll etdilər”, - deyə K.Nurullayeva vurğulayıb.
Deputatın sözlərinə görə, bir daha sübut olundu ki, Qərb dövlətləri nə qədər proseslərdən uzaq dayansalar, Cənubi Qafqazda sülh və əmin-amanlıq o qədər tez təmin ediləcək. Prezident İlham Əliyevin də vurğuladığı kimi, biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər bizdən əl çəksinlər.
“Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləməli və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq istiqamətində işləməlidirlər”, - deyə K.Nurullayeva bildirib.

Siyasət 2024-04-20 13:19:00