×
A
A
A
Sazlamalar

Nigar Arpadarai: Bütün tərəfdaşların COP29-a böyük marağı var VİDEO

Vaşinqton, 20 aprel, AZƏRTAC

COP mürəkkəb prosesdir, burada bir çox tərəfdaşlar, qurumlar iştirak edir. COP-un uğuru bu tərəfdaşların hər birindən asılıdır.
Bu sözləri AZƏRTAC-ın ABŞ bürosuna açıqlamasında Vaşinqtonda səfərdə olan COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai deyib.
Onun sözlərinə görə, bütün tərəfdaşların COP29-a böyük marağı var. “COP29 komandası olaraq bir neçə gündür Vaşinqtondayıq. Bu günlər ərzində intensiv görüşlərimiz keçirilir. Bizim daha çox maliyyə institutları ilə görüşlərimiz oldu. Çünki iqlim maliyyələşməsi, yəni iqlimin təsirlərinə məruz qalan dövlətlərə yardım gündəmdə olan əsas mövzudur. Yüksək səviyyəli çempion olaraq mənim və komandamın əsas fəaliyyət istiqamətlərindən biri bütün digər tərəfdaşlar, yəni hökumətlər yox, vətəndaş cəmiyyəti, biznes, investorlarla iş aparmaqdır. Çünki COP-un uğuru hər bir qurumun, tərəfdaşın birlikdə işləməsindən asılı olacaq”, - deyə Nigar Arpadarai əlavə edib.
O, COP29-a qədər bir çox tədbir və görüşlərin keçiriləcəyini və səfərlərin olacağını vurğulayaraq bildirib: “Hər bir görüş, səfər bizi daha uğurlu tədbirə yaxınlaşdırır. Hər dəfə çalışırıq ki, ölkə və region üçün önəmli olan məsələləri qaldıraq və ümumilikdə təbii ki, COP mövzusunu müzakirə edirik”.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Cəmiyyət 2024-04-20 12:55:00

Video