×
A
A
A
Sazlamalar

Hulusi Kılıç: Türkiyə, Azərbaycan və Rusiya Qafqaz regionunda sülh naminə əməkdaşlıq edirlər

Ankara, 20 aprel, AZƏRTAC

Türkiyə, Azərbaycan və Rusiya Qafqaz regionunda sülh naminə real əməkdaşlıq edirlər. Xarici təhrikedici faktorlara baxmayaraq, sülh və sabitlik naminə rasional addımlar atılır.
Bu fikri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç səsləndirib. Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsini “mühüm və cəsarətli qərar” adlandıran Kılıç bu münasibətlə Azərbaycan və Rusiyanın ali rəhbərlərini təbrik edib.
Onun sözlərinə görə, prezidentlər İlham Əliyev və Vladimir Putin bu tarixi qərarı olduqca düzgün, rasional və sahədə yaranmış reallıqları nəzərə alaraq qəbul ediblər.
“Fikrimcə, hər iki dövlət başçısı obyektiv reallıqları düzgün qiymətləndirməklə yanaşı, həm də Qərb dairələrinin hər iki ölkəni, hətta deyərdim ki, Türkiyəni də oyuna çəkmək üçün cızdıqları planları alt-üst ediblər”, - deyə sabiq səfir bildirib.
O qeyd edib ki, region xaricindəki müəyyən qüvvələr bölgəmizdə yenidən qarşıdurma mühiti yaratmağa çalışır və bunun üçün əllərindən gələni edirdilər.
“Planlar çox məkrlidir. ABŞ-dan bu məsələyə verilmiş şərhə diqqət yetirin: “Rusiya Qarabağdan sülhməramlı kontingentini çıxarmaqla necə etibarsız müttəfiq olduğunu göstərdi”. Sadəcə, bu bəyanat özü-özlüyündə həmin dairələrin bu hadisədən nə qədər məyus olduqlarını göstərir. Bir diplomat olaraq demək istərdim ki, belə açıqlamalar ciddi qalmaqal və hətta təxribatdır”, - deyə Hulusi Kılıç əlavə edib.
O vurğulayıb ki, Qərb dairələrinin bu cür mövqeyinin əsl səbəbi məlumdur: “Türkofobiya, azərbaycanofobiya və islamofobiya. Bir də ermənilərdən öz maraqları və məqsədləri üçün maksimum dərəcədə sui-istifadə etmək”.
Türkiyəli ekspert Fransanın Cənubi Qafqazla bağlı siyasətinə də diqqət çəkərək deyib: “Fransa Qarabağdan çıxan ermənilərdən ibarət legion yaratmaq niyyətini heç gizlətmir də. Məqsəd nədir? Qarabağ ermənilərini terrorçu kimi yetişdirmək və Qafqaza göndərmək. Bu da alınmasa, Ukrayna, yaxud Afrika ölkələri və ya koloniyalarında onlardan muzdlu qatil kimi istifadə etməkdir”.
Tarixə nəzər salan sabiq səfir xatırladıb ki, fransızlar hələ ötən əsrin əvvəllərində ermənilərdən Osmanlının Maraş bölgəsində dinc türk əhalisinə qarşı qanlı cinayətlər törədmək üçün istifadə etmişdi, məğlub olduqdan sonra isə onları təkbaşına qoyaraq aradan çıxmışdı. Diplomatın sözlərinə görə, Parisin siyasəti günümüzdə də ermənilər üçün ağır nəticələr verə bilər.
“Ermənistan və havadarları artıq həqiqəti qəbul etməlidir. Bu bölgənin, Qafqazın lideri İlham Əliyevdir. Onun hər bir sözü imza mahiyyəti daşıyır, nə deyirsə, onu da edir. Ermənilər bu böyük liderin təkcə ölkəsi üçün deyil, bütün bölgənin xoşbəxt və firavan gələcəyi naminə irəli sürdüyü faydalı ideyalardan istifadə etməlidir! Gecikirlər. Sülh fürsəti yaranıb, sonra çox gec olacaq”, - deyə Kılıç vurğulayıb.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevin bölgədə sülh və sabitlik istiqamətindəki səylərini tam dəstəklədiyini bildirib: “Zaman gələcək, şanlı Türk tarixində İlham Əliyev fenomeninin yerini, rolunu gələcək tarixçilər, tədqiqatçılar, analitiklər daha dərindən öyrənəcəklər. Həqiqət budur ki, Türk milləti ona xidmət etmiş bütün böyük xaqanlarını, dövlət başqanlarını unutmadığı kimi, Prezident İlham Əliyevin xidmətlərini də əbədi olaraq qəlbində yaşadacaq”.

Ramin Abdullayev
AZƏRTAC -ın xüsusi müxbiri
Ankara

Siyasət 2024-04-20 11:40:00