×
A
A
A
Sazlamalar

“Sabahın alimləri” müsabiqəsində Şəki-Zaqatala bölgəsinin 6 məktəblisi uğur qazanıb

Şəki, 20 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 6 şagirdi “Sabahın alimləri” XIII respublika müsabiqəsində uğur əldə ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, müsabiqədə Zaqatala şəhər akademik Zərifə Əliyeva adına texniki təmayüllü liseyin X sinif şagirdi Hacı Hacıyev və Zaqatala rayonu Əliabad qəsəbə 4 nömrəli tam orta məktəbin X sinif şagirdi Əlibali Əlibəyov birinci yeri tutaraq qızıl medala layiq görülüblər. Bundan əlavə, Balakən şəhər Nizami adına 1 nömrəli tam orta məktəbin IX sinif şagirdləri Ədibə Abbaslı və Şamil Muqumov, Qəbələ rayonunun Tüntül kənd tam orta məktəbinin X sinif şagirdləri Gülsu Mustafayeva və Rüstəm Fərziyev respublika müsabiqəsində ikinci yer tutaraq gümüş medal qazanıblar. Şəki şəhər kimya-biologiya təmayüllü liseyin XI sinif şagirdi Dəniz Məmmədzadə həvəsləndirici mükafatla, X sinif şagirdi Səbinə Ziyəddinova isə sertifikatla təltif olunublar.
Qeyd edək ki, müsabiqə Elm və Təhsil, Gənclər və İdman nazirlikləri, Təhsil İnstitutu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilib.

Regionlar 2024-04-20 11:37:00