×
A
A
A
Sazlamalar

Macarıstanın Baş naziri yenə də Aİ rəhbərliyini istefaya çağırıb

Bakı, 20 aprel, AZƏRTAC

“Avropa İttifaqının hazırkı rəhbərliyini hakimiyyətdən kənarlaşdırmaq lazımdır, əks halda, Macarıstan və bütün Aİ ölkələri bundan zərər görəcək”. AZƏRTAC “Index” nəşrinə istinadla xəbər verir ki, bir neçə gün əvvəl bu fikirləri səsləndirən Macarıstanın Baş naziri Viktor Orban şənbə günü xalq müraciətində onları təkrar edib.
V.Orban deyib: “Avropanın iqtisadiyyatı tənəzzüldədir, ona görə də yaşıl keçid fəlakət deməkdir, Ukrayna taxılı avropalı fermerləri məhv edir, miqrantlar sərhədləri aşaraq qaçırlar, cinayətlərin sayı artır, zorakılıq halları çoxalır, onlar (Aİ-nin hazırkı rəhbərliyi - AZƏRTAC) uşaq böyütmək və onları gender fəallarına təhvil vermək istəyirlər”.
Macarıstanın Baş naziri problemin həlli ilə bağlı şəxsi fikirlərini də təqdim edib. O vurğulayıb: “Biz nə edə bilərik? Əvvəla, açıq deyək: əgər sizə verilən mandat müddətində zəif nəticələr göstərərək seçicilərinizə problem yaratmısınızsa, onlar sizdən heç nə gözləmirlərsə, onda siz ancaq bir iş görə bilərsiniz - əşyalarınızı yığın və vəzifənizi tərk edin. Brüssel rəhbərliyi getməlidir”.
Macarıstanın Baş naziri sonda deyib: “Biz Brüsseli nəzarətə götürməliyik, oradakı bürokratları kənarlaşdırmalı və işləri öz əlimizə almalıyıq. Bunları etməsək, onda Brüsseldəki liderlərin bacarıqsızlığı və gücsüzlüyü təkcə Avropaya deyil, həm də bizə - macarlara böyük zərər verəcək”.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Dünya 2024-04-20 11:24:00