×
A
A
A
Sazlamalar

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Bakı, 19 aprel, AZƏRTAC

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
AZƏRTAC Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=19) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib.
Bu imtahanlarda iştirakı nəzərdə tutulan 46741 nəfərdən 485 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 5 nəfərin nəticəsi ləğv edilib. İmtahan iştirakçıları arasında 6 nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 30 aprel və 1, 2 may tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.
Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. “Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təxminən 15 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq”, - deyə qeyd edilib.

Elm və təhsil 2024-04-19 20:44:00