×
A
A
A
Sazlamalar

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Bakı, 18 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes Məktəbinin və Hindistan Təhsil və Tədqiqatlar Akademiyasının (FAI) əməkdaşlığı ilə “Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” adlı beynəlxalq konfransın açılışı olub.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Açılış nitqi ilə çıxış edən prorektor Fariz Əhmədov bildirib ki, konfrans çərçivəsində dünyanın nüfuzlu alim və tədqiqatçıları bir araya gələrək, rəqəmsallaşma, süni intellekt, menecment, iqtisadiyyat, maliyyə, turizm və digər qlobal sahələr üzrə mövzuları müzakirə edəcəklər. F.Əhmədov konfransa Azərbaycan, ABŞ, Kanada, Almaniya, Hindistan, Yunanıstan, İordaniya, Portuqaliya, Polşa, Gürcüstan, Litva, Monqolustan, Ukrayna, Monteneqro, Rumıniya, Tailand, Filippin, Braziliya və Malayziyadan olan alimlərin 90-a yaxın elmi məqaləsinin qəbul edildiyini bildirib. O, konfransda əldə olunan nəticələrin universitet-sənaye işbirliyinə, eləcə də dövlət və özəl sektorun inkişafına mühüm töhfələr qazandıracağından əminliyini ifadə edərək konfransın işinə uğurlar arzulayıb.
Hindistan Təhsil və Tədqiqatlar Akademiyasının prezidenti professor M.Premkit Sing, UNEC Biznes Məktəbinin direktoru dosent Nazim Hacıyev, FAI-nin vitse-prezidenti professor Nina Poyda Noysk, akademiyanın baş katibi Pankaj Srivastava, Türkiyənin Diclə Universitetinin dekanı Fethiye Muge Sakar çıxış edərək müzakirə olunacaq mövzular barədə fikirlərini bölüşüblər, konfransla bağlı gözləntilərini səsləndiriblər.
Sonra təltifolunma mərasimi keçirilib. Konfrans plenar iclaslarda yerli və xarici tədqiqatçıların çıxışları ilə davam edib.
Qeyd edək ki, beynəlxalq konfrans aprelin 20-də öz işini başa vuracaq.

Elm və təhsil 2024-04-18 18:35:00