×
A
A
A
Sazlamalar

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Bakı, 18 aprel, AZƏRTAC

“Gəncə”ni məğlub edərək finala yüksəlmək fantastik hisslərdir. Hədəf mövsümü kubokla bitirməkdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət “Azərreyl” komandasının baş məşqçisi Cengiz Akarçeşmə ölkə çempionatının finalına vəsiqə qazanmaları barədə danışarkən deyib.
Türkiyəli mütəxəssis “Gəncə”yə qarşı keçirdikləri yarımfinalın hər iki görüşünün gərgin keçdiyini bildirib: “Rəqib güclü komanda idi. Onlar da finala yüksəlmək istəyirdilər. Bizim komandanın heyəti də yaxşıdır. Cavab qarşılaşmasında gənc oyunçulara daha çox şans verdim. Finala çıxmaqla yanaşı, yeni voleybolçular da qazandım. Bizdə Raziyə Əliyeva, Aişə Alişmanova kimi gənc istedadlı simalar var. Məqsəd Azərbaycan voleyboluna onları gətirməkdir”.
Finalda istənilən rəqiblə qarşılaşmağa hazır olduqlarını söyləyən baş məşqçi deyib: “Abşeron” yarımfinalın ilk matçında “Murov Az Terminal”ı 3:1 hesabı ilə məğlub etməsinə baxmayaraq, hələ heç nə məlum olmayıb. Bura kimi gəlmişiksə, kuboku əldə etmək istəyirik”.
Mütəxəssisin sözlərinə görə, komandanın heyətində yer alan legioner oyunçulara xarici klublardan təklif var: “Əlbəttə ki, özünü yaxşı tərəfdən göstərən voleybolçulara hər zaman təkliflər olur. İndi bu barədə danışmaq tezdir. Ancaq yeni heyət quracağımızı deyə bilərəm. Hədəf növbəti il avrokuboklarda Azərbaycanı layiqincə təmsil etməkdir”.
Qeyd edək ki, “Azərreyl”in finaldakı rəqibi bu gün baş tutacaq “Murov Az Terminal” – “Abşeron” görüşündən sonra məlum olacaq. Cütün ilk oyununda ikincilər 3:1 hesabı ilə qalib gəliblər.

İdman 2024-04-18 13:22:00