×
A
A
A
Sazlamalar

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetindəki Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə “...Biz Qərbi Azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq...” İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti” adlı elmi-praktiki konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” və “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitablarının təqdimatı olub.
Sosial Tədqiqatlar Mərkəzi tərəfindən nəşr edilən, müəllifi Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü Əfqan Vəliyev olan hər iki kitab Qərbi Azərbaycanın maddi-mədəni irsinə həsr edilib.
Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin xatirəsi anılıb.
Sonra Ümummilli Lider Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı söylədiyi fikirlərin əks olunduğu videoçarx nümayiş etdirilib.
Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc çıxış edərək Azərbaycan tarixinə nəzər salıb, bu cür böyük qayıdışların çox nadir hallarda olduğunu vurğulayıb. Deyib ki, son üç yüz ildə belə miqyasda qayıdış ilk dəfədir baş verir. “Şahidi olduğumuz Zəfərdən sonra ən böyük tarixi hadisə o torpaqlara qayıdışdır. Bu isə yalnız çox güclü liderin rəhbərliyi ilə baş verə bilərdi. Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində biz bu gün Qarabağa qayıtdığımız kimi, Qərbi Azərbaycana da qayıdacağıq. Ancaq bu qayıdış itkisiz - sülh yolu ilə baş verəcək”, - deyə o əlavə edib.
Sonra çıxış edən Əfqan Vəliyev Qərbi Azərbaycanın tarixi haqqında məlumat verib, ermənilərin buraya köçürülməsinin çar Rusiyasının fəaliyyəti ilə məqsədli və planlı şəkildə baş verdiyini vurğulayıb.
Diqqətə çatdırıb ki, təqdim edilən kitablarda Qərbi Azərbaycanın çoxminillik tarixinin hər bir dövrünə toxunulub.
Sonda iştirakçıların sualları cavablandırılıb.

Cəmiyyət 2024-04-18 12:22:00