×
A
A
A
Sazlamalar

İsveçdə kriminal şəbəkənin üzvünə məxsus üzük hərracda satılıb

Stokholm, 18 aprel, Nərgiz Cəfərli AZƏRTAC

İsveçin amansız cinayət şəbəkələrindən biri “Foxtrot”un üzvünə məxsus olan üzük bu yaxınlarda Məhkəmə İcraçıları Xidməti tərəfindən hərraca çıxarılaraq 6000 dollara satılıb.
AZƏRTAC xəbər verir ki, tülkü şəklində olan üzük “Fokstrot” şəbəkəsinin lideri, “Kürd tülkü” ləqəbi ilə tanınan Rava Məcidin yaxın çevrəsinə daxil olan cinayətkara məxsus olub. Axtarış zamanı ondan çoxlu qızıl-zinət əşyaları götürülüb. Çəkisi 18,6 qram olan üzüyün başlanğıc qiyməti 1400 dollar olub. Sonra zərgərlik məmulatına maraq kəskin artıb.
Məhkəmə İcraçıları Xidmətinin milli cinayət işləri üzrə əlaqələndiricisi Yohannes Paulson deyir: “Hərrac zamanı sayta maraq göstərən ziyarətçilərin sayı rekord həddə – 53 000 nəfərə çatıb. Əlbəttə, xoşagəlməz haldır ki, biz bu məhsulu satmalı və müəyyən mənada cinayət şəbəkəsini reklam etməliyik. Eyni zamanda, onu satmaq və mümkün olan ən yaxşı qiyməti almağa çalışmaq üçün qanuni əsasımız var”.
Hərracdan əldə ediləcək vəsait kriminal dəstə üzvünün borclarını ödəməyə sərf olunacaq. Bu yolla həmin pul cinayət qurbanlarına kömək edə bilər. Borclar o qədər böyükdür ki, satışdan sonra cinayətkar məhkəmə icraçısından heç bir ödəniş almayacaq.
Rava Məcidin rəqibləri olduqları güman edilən şəxslər dəstə başçısını təhqir etmək üçün üzüyü almaqda maraqlı olublar. Bu ssenari ilə bağlı Yohannes Paulson deyib ki, hər kəs hərraclarda iştirak edə bilər.

Dünya 2024-04-18 11:02:00