×
A
A
A
Sazlamalar

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Skopye, 17 aprel, AZƏRTAC

Şimali Makedoniyanın Beynəlxalq Balkan Universitetinin Balkan Tədqiqatlar Mərkəzinin açılış mərasiminə həsr olunan “Ukrayna, Qəzza münaqişələri və Qafqazdakı geosiyasi vəziyyətin qlobal təsirləri” adlı panel müzakirələr keçirilib. Ölkəmizin Serbiyada, eyni zamanda, Şimali Makedoniya və Monteneqrodakı səfiri Kamil Xasiyev tədbirdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, səfir Şimali Makedoniyanın müxtəlif universitetlərinin akademik heyətindən, yerli ictimaiyyətin, diplomatik korpusun nümayəndələrindən, jurnalist və tələbələrdən ibarət tədbir iştirakçılarına Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzünün tarixi, ATƏT-in uğursuz vasitəçiliyi barədə danışıb.
K.Xasiyev 2020-ci ildə 44 günlük Vətən müharibəsi, Azərbaycanın tarixi torpaqlarını işğaldan azad etməsindən sonra regionda yaranan yeni reallıqlar, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əksini tapan məsələlər, Zəngəzur dəhlizinin qlobal əhəmiyyəti, hazırda davam edən sülh danışıqları, 2023-cü ilin sentyabrındakı lokal xarakterli antiterror tədbirləri və sair haqqında məlumat verib.
Panel müzakirələrin sonunda diplomat dinləyicilərin çoxsaylı suallarını cavablandırıb.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Skopye

Siyasət 2024-04-17 19:03:00