×
A
A
A
Sazlamalar

Fransa Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük göstərir - RƏY

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycan Fransa dövlətinə münasibətdə beynəlxalq hüququn prinsiplərini zidd ola bilərək hər hansı addım atmayıb. Bu baxımdan Fransanın diplomatik demarşının heç bir əsası yoxdur. Fransadan fərqli olaraq, Azərbaycan heç vaxt bu dövlətin suveren hüquqlarına, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına hörmətsizlik etməyib. Azərbaycan bir müddət əvvəl “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyasının 9-cu maddəsinə əsaslanaraq bir neçə Fransa diplomatını “persona non grata” elan etdi. Çünki bu diplomatlar Vyana Konvensiyasının prinsiplərinə zidd olan fəaliyyətlərə yol vermişdilər. Bundan sonra Fransa heç bir əsas göstərmədən cavab tədbiri kimi bizim diplomatları “persona non grata” adlandırdı. Əslində, bununla da diplomatik tədbirlər başa çatdı, baxmayaraq ki, Azərbaycan daha ciddi tədbirlər görməkdə haqlı idi. Təəssüf doğuran hal odur ki, Faransa özünü BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan böyük dövlət kimi aparmır və indi də növbəti diplomatik cığallığa əl atıb.
Bu sözləri AZƏRTAC–a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov söyləyib.

O qeyd edib ki, Fransa daha Şarl de Qoll, Valeri Jiskar d'Estən, Jorj Pompidu, Fransua Mitteran kimi şəxslərin prezidentlikləri dövrlərindəki qədər böyük deyil. Baxmayaraq ki, həmin dövrün Fransası da ədalətli dövlət olmayıb, milli azadlıq hərəkatlarına qarşı qəddar mübarizə aparıb, xalqları məhv edib. Bununla belə, o dövrün Fransası indiki ilə müqayisə oluna bilməz. Bu dövlət indi Emmanuel Makron qədər kiçilib. Əlbəttə, kiçilməni mən məcazi mənada ifadə edirəm. Özünü superdövlət hesab edən Fransanın bugünkü xarici siyasəti tam iflasa uğrayıb, ölkə daxilində sosial böhran dərinləşir. Fransa xarici və daxili siyasətində islahatlar aparmaq əvəzinə, Azərbaycanın tam legitim və beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük nümayiş etdirir. Vaxtilə hər mənada özünü böyük dövlət kimi aparan Fransanın növbəti diplomatik demarşı nə məntiqə, nə beynəlxalq hüquqa, nə də diplomatik adət-ənənələrə uyğun gəlir.
“Azərbaycan Qoşulmama Hərəkatına 4 ildən artıq uğurla rəhbərlik edib və bu dövrdə Hərəkata daxil olan məzlum xalqların hüquqlarının müdafiəsinə yönələn fəaliyyətləri ilə fərqlənib. Azərbaycan indi də bu fəaliyyətini davam etdirir və bu halda heç bir dövlətin beynəlxalq hüquqla müəyyən olunan hüquqlarına xələl gətirən heç bir hərəkətə yol vermir. Buna görə də Fransanın səfirini məsləhətləşmə adı ilə geri çağırması diplomatik cığallıq kimi qiymətləndirlməlidir. Əlbəttə, Azərbaycan bu halda cavab hüququnu özündə saxlayır. Heç bir təhdid Azərbaycanın ədaləti bərpa etmək istiqamətində həyata keçirdiyi tədbirlərdən, o cümlədən ərazi bütövlüyümüzü təmin etmək istiqamətindəki fəaliyyətimizdən çəkindirə bilməyib və bundan sonra da bilməyəcək”, - deyə Sahib Məmmədov əlavə edib.

Siyasət 2024-04-17 17:04:00