×
A
A
A
Sazlamalar

Məktəblilərin STEAM İnnovasiya Mərkəzinə ekskursiyaları başa çatıb

Bakı, 17 aprel, AZƏRTAC

Paytaxt məktəblilərinin STEAM İnnovasiya Mərkəzinə ekskursiyaları başa çatıb.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, STEAM İnnovasiya Mərkəzində məktəblilər aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D holoqram”, VR zonaları ilə tanış olublar. Mərkəzə gələn şagirdlər eksponatlar haqqında məlumatlandırılıb, bələdçilərin köməyilə müxtəlif komandalara bölünərək oyunlar oynayıb, əylənib və öyrəniblər. Həmçinin şagirdlər onlara verilən təlimatlar əsasında eksperimentlər aparıb, məktəbdə tədris prosesində öyrəndiklərini Mərkəzdə əyani şəkildə görmək imkanı qazanıblar.
Ekskursiya çərçivəsində müxtəlif yaş kateqoriyasından olan məktəblilər yeni elmi məlumatlar əldə ediblər, XXI əsr bacarıqları - kreativlik, əməkdaşlıq, müxtəlif proqramlaşdırma dilləri əsasında İKT avadanlıqlarından istifadə qabiliyyətlərini təkmilləşdiriblər. Ekskursiya zamanı STEAM İnnovasiya Mərkəzinin əsas məqsədinin şagirdlərin potensialını və maraqlarını cəmiyyətə xidmət işinə yönəltməkdən, onları öyrənməyə həvəsləndirməkdən ibarət olduğu bildirilib.
Qeyd edək ki, STEAM İnnovasiya Mərkəzinin yaradılması ölkəmizdə elm və təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin təzahürüdür.

Elm və təhsil 2024-04-17 13:10:00