×
A
A
A
Sazlamalar

® Dosent İsmayıl Əfəndiyev “İnkişaf etməkdə olan ölkələrin 12-ci Toksikologiya Konqresi”ndə iştirak edir

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev Çili Respublikasının Santyaqo şəhərində Beynəlxalq Toksikologiya İttifaqı (IUTOX) tərəfindən keçirilən “İnkişaf etməkdə olan ölkələrin 12-ci Toksikologiya Konqresi”ndə iştirak edir.

Dünyanın 36 ölkəsindən 300-dən çox iştirakçısı olan, irimiqyaslı, nüfuzlu beynəlxalq tədbirin plenar və panel sessiyalarında indiki dövr üçün aktual olan Klinik, Hərbi, Ekoloji, Peşə və Profilaktik Toksikologiyaya aid məsələlər müzakirə edilib.
Kəskin zəhərlənmələrin epidemiologiyası, yeni növ kimyəvi maddələrlə zəhərlənmələrin diaqnostikasına və müalicəsinə müasir yanaşmalar, kəskin kimyəvi mənşəli intoksikasiyalar zamanı zədələnmələrin terapiyası, aktiv detoksikasiyanın və antidot vasitələrin tətbiqi, peşə intoksikasiyalarının profilaktikası, dərmanların allergik və başqa xoşagəlməz effektlərinə nəzarət, ekoloji, hərbi toksikologiya və bir sıra digər aktual məsələlər dünyanın aparıcı mütəxəssislərinin iştirakı ilə işıqlandırılıb və müzakirə edilib.
Dosent İsmayıl Əfəndiyev Azərbaycanda zəhərlənmələrin epidemiologiyası və ölkəmizdə intoksikasiyalara qarşı profilaktik tədbirlərə dair poster prezentasiyası təqdim edib. Təqdimat Konqres iştirakçıları tərəfindən böyük diqqət və maraqla qarşılanıb.
Beynəlxalq Konqres işini aprelin 19-na qədər davam etdirəcək.

Cəmiyyət 2024-04-17 10:45:00