×
A
A
A
Sazlamalar

“İnklüziv təhsildən inklüziv cəmiyyətə” mövzusunda beynəlxalq elmi-praktik konfrans YENİLƏNİB

Bakı, 16 aprel, AZƏRTAC

Aprelin 16-da Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC-2024) II beynəlxalq elmi-praktiki konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, BSU-nun rektoru Anar Nağıyev Azərbaycanda inklüziv təhsilin təşkili sahəsində mühüm işlər görüldüyünü qeyd edərək bu istiqamətdə müvafiq qanunvericilik bazasının formalaşdığını diqqətə çatdırıb. O, 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən qəbul edilən “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən bəhs edib. A.Nağıyev Dövlət Proqramının vəzifələri sırasında sağlamlıq imkanları məhdud (SİM) şəxslərin təhsilinin təşkili ilə bağlı məsələlərinin mühüm yer tutduğunu bildirib, Azərbaycanda cəmiyyətin müxtəlif maraq qruplarının, SİM uşaqların təhsilə cəlb olunması istiqamətində mühüm addımların atıldığını qeyd edib. Rektor bu istiqamətdə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyətinin xüsusi rolu olduğunu vurğulayıb. O, Fondun sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təşkili məqsədilə təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının gücləndirilməsi, SİM uşaqlar üçün internat və xüsusi məktəblərin təşkili istiqamətlərində davamlı fəaliyyət göstərdiyini bildirib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev ölkəmizin inklüziv təhsillə bağlı həyata keçirdiyi siyasətdən söz açaraq bununla bağlı qanunvericilikdə qəbul edilmiş dəyişikliklərin Azərbaycan dövlətinin gördüyü işlərin nəticəsi olduğunu bildirib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi dövlət siyasətində həssas təbəqənin sosial məsələlərinin həllinə daim xüsusi diqqət və qayğı ilə yanaşdığını, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin bunun bariz nümunəsi olduğunu qeyd edib.
Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Samir Həmidov inklüzivliyin əsas məqsədinin təhsildə əlçatanlığın təmin edilməsi olduğunu deyib. O, bu istiqamət üzrə ali təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən söz açıb.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev dünyanın müxtəlif ölkələrində əlilliyi olan uşaqlara müəyyən ayrı-seçkilik göstərildiyini qeyd edib. O, inklüziv təhsil mühitinin yaradılmasından bəhs edərək təhsilin hamı üçün əlçatan olmasının vacibliyini vurğulayıb.
Plenar iclasda çıxış edən Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Xüsusi və inklüziv təhsil fakültəsinin dekanı Dilbər Nurkeldiyeva, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin İnklüziv təhsil institutunun direktoru Vera Xitryuk, Qdansk Universitetinin Sosial Elmlər Fakültəsinin İnkişaf və Beynəlxalq Proqramlar üzrə dekanı Adam Yagaylo-Rusilovski ölkələrində inklüzivliklə bağlı həyata keçirilən layihələrdən söz açıblar. “Birgə və Sağlam” İctimai Birliyinin sədri, Autizm Mərkəzinin rəhbəri Aytən Eynalova, Regional İnkişaf İctimai Birliyinin Təhsil və humanitar proqramlar üzrə eksperti Sevinc Məhəməliyeva təmsil etdikləri birliklərin fəaliyyət istiqamətləri ilə bağlı məlumat veriblər.
Plenar iclas bəstəkar Arzu Səmədqızının rəhbərlik etdiyi “Mavi ürəklər” xor və ritm qrupunun ifası ilə başa çatıb.
Konfrans işini 3 bölmədə davam etdirib. Bölmələrdə 118 məruzə dinlənilib.
Qeyd edək ki, “İnklüziv təhsildən inklüziv cəmiyyətə” II beynəlxalq elmi-praktiki konfransın regional bölməsi aprelin 19-da Bakı Dövlət Universiteti ilə birlikdə Qazaxda təşkil olunacaq.

Elm və təhsil 2024-04-16 12:42:00